Siyasət 19 Aprel 2023, 14:04 | Baxış sayı: 76
“Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqlıdır, ancaq...”

Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkə Xarici İşlər Nazirliyi arasında bir neçə dəfə telefon danışığı olub. Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır. Azərbaycan bununla bağlı fikirlərini dəfələrlə ifadə edib, real addımlar atıb və bunu İran tərəfindən də hər zaman gözləyib. Hər birimiz Prezident Əliyevin Vətən müharibəsində qələbədən sonra Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpülərinə tərəf uzadaraq bu körpülərin dostluq körpüsü adlandırdığını yaxşı xatırlayırıq. Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür. Təəssüflə qeyd etmək lazımdır ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı, Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, “Kərimə” dövlətinin qurulması, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir. Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu, son günlər daha da kəskin xarakter alıb”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, İran münasibətlərin normallaşmasını istəyirsə, bu cür çağırış və qrupların qarşısını almalıdır:

 

“Həmin qrupların müstəqil olmadığı, kimin tərəfindən maliyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara son qoymalıdır. Bu dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir. Əgər İran düşünürsə ki, bir tərəfdən Xarici İşlər Nazirliyi tərəfindən münasibətlərin normallaşması ilə bağlı Azərbaycana mesaj verəcək, digər tərəfdən ölkəmizə qarşı emissarları, maliyələşdirdiyi qruplar vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcək, o zaman münasibətlərin yaxşılaşması çətin olacaq. Münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir. İranda təhsil alan Azərbaycanlılar tərəfindən yaradılmış İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görsənir. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq”.

Xəbərlər