Siyasət 10 Aprel 2023, 12:47 | Baxış sayı: 145
“Azərbaycan hər zaman Fələstinin yanında olub...”

“Azərbaycan dövləti, xalqı hər zaman Fələstin xalqının və dövlətinin yanında olub. Azərbaycan bütün platformalarda Fələstinlə bağlı qəbul edilən qətnamə və sənədləri dəstəkləyib. Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə bağlı qəbul etdiyi bütün qərarlarda fələstinlilərin yanında olub. İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə gəldikdə isə bu gün təkcə Azərbaycan yox, digər müsəlman ölkələri də bu ölkədə səfirlik açıblar. Artıq bir neçə ərəb ölkəsinin Fələstində səfirliyi fəaliyyətə başlayıb. Eyni zamanda Azərbaycan təkcə İsraildə səfirlik açmadı, Fələstində də Azərbaycanın nümayəndəliyi fəaliyyət başladı. Xarici işlər naziri Ceyhun Bayramov Fələstini də ziyarət etdi. Azərbaycan Fələstində fələstinlilər üçün məktəb tikməyi planlaşdırır. Burada belə haqlı sual yaranır. Niyə İran Fələstində səfirlik açan digər ölkələrə etiraz etmədi? İsraildə həmin ölkələrin səfirliyinin açılmasını qınamadı? Niyə məhz Azərbaycanla bağlı belə mövqeyi sərgilədi?”

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat hesab edir ki, İranın belə reaksiyası verməsinə son dövrlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yanaşmaq lazımdır: “İran bu cür addımlarla Azərbaycanın İranla bağlı mövqeyinə və atdığı addımlara təsir etmək istəyir. İranda bəziləri düşünür ki, bu cür addımlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkündür. Ancaq yanılırlar. Son proseslər də göstərdi ki, İranın atdığı addımlara cavab olaraq Azərbaycan ən sərt qərarları qəbul etməyə hazırdır. İran səfirliyinin 4 əməkdaşının ölkəmizdən çıxarılması bunu bir daha təsdiq etdi. İran xarici işlər nazirinin son günlər azərbaycanlı həmkarına arda-arda zəng etməsi İranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir. İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 ildə Azərbaycanda böyük maliyyə vəsaiti ayıraraq yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin çökdürülməsi İranın Azərbaycanla bağlı hədəflədiyi planın süquta uğraması anlamına gəlir. Əlbəttə, münasibətlərin sonrakı mərhələsi İranın özünü necə aparmasından çox asılıdır. Əslində mən də düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu, daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır. Bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdirilməli, İranın Azərbaycanın daxili işlərinə qarışmasına, Azərbaycana qarşı təbliğata son qoyulmalıdır. Əlbəttə, İranın ümumi siyasətinə baxsaq, bu siyasətdən geri çəkilmək mümkünsüz görünür. Ancaq bu şəbəkənin Azərbaycan əleyhinə fəaliyyətinin qarşısı indiki həssas məqamda alınmasa, gələcəkdə yenə belə xoşagəlməz hallar yaşayacağıq. Azərbaycanın inkişafı və təhlükəsiz gələcəyi bu məsələdən çox asılıdır. Bu məsələni çətin də olsa, birdəfəlik həll etməyə çalışmalıyıq”.

Xəbərlər