Siyasət 27 Oktyabr 2023, 15:20 | Baxış sayı: 209
"Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında imzalanmış sənədlər gələcək uğurlu əlaqələrə bir zəmanətdir"

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Əlbəttə ki, bu, hər iki dövlətin və onun xalqlarının milli maraqlarına, verespektivinə xidmət edir. BƏƏ hökumətinin dörd nazirinin və qardaş ölkədən böyük nümayəndə heyətinin iştirakı ilə 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı bunu deməyə əsas verir. Xatırlatmaq lazımdır ki, bu stansiya Xəzər rayonunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilən stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Bu 110 milyon kubmetr həcmində qaza qənaət olunması deməkdir”. 

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev stansiyanın rəsmi açılış mərasimindəki çıxışında iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini qeyd etməklə münasibətlərin bundan sonra daha yaxşılaşacağına əmin olduğunu bildirib: 

 

“Günəş elektrik stansiyasının böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran dövlətimizin rəhbəri bunun son olmadığını bildirərək dedi: “Əminik ki, daha çox layihələr olacaq. Faktiki olaraq bu gün-bir qədər sonra bir çox qısa zamanda 1 qiqavat bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik”. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimin keçirilməsini tarixi hadisə kimi qiymətləndirən ölkə rəhbəri ikitərəfli münasibətlərin digər sahələri də əhatə edəcəyini qeyd etməklə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da sağlam təməl üzərində möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı. Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında imzalanmış sənədlər deyilənlərin əyani nümunəsidir və gələcək uğurlu əlaqələrə bir zəmanətdir”. 

pravda.az

Xəbərlər