Siyasət 10 Aprel 2023, 15:44 | Baxış sayı: 126
“Azərbaycan-Gürcüstan dostluğu regional sülhə və sabitliyə töhfə verir”

“Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki qonşu ölkənin qarşısında duran əsas hədəflərdən biri ikitərəfli əməkdaşlığı dərinləşdirmək və xalqlarımızın gələcəyi üçün lazım olan bütün addımları atmaqdan ibarətdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri zamanı da bu məsələlər bir daha müzakirə olundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də söylədiyi kimi, iki ölkə gələcək fəaliyyətini əldə edilmiş razılaşmalar əsasında quracaq: “Məlumdur ki, Azərbaycanla Gürcüstan arasında 1996-cı il dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında imzalanan müqavilə ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın təməlini qoyub”.

Deputat sözlərinə belə davam edib: “Ötən illər ərzində iki qonşu ölkə arasında 118-dən çox sənəd imzalanıb ki, bu da iqtisadi-siyasi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığın formalaşdırılmasını şərtləndirib.

Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstanın iştirakı ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması həm də regional sülhə və sabitliyə öz töhfəsini verməkdədir. Postmünaqişə dövründə nəqliyyat sahəsində əməkdaşlıq üçün də yeni mərhələ başlayıb. İ.Qaribaşvili ilə görüşdən sonra mətbuat qarşısında bəyanatla çıxış edən dövlət başçımızın da qeyd etdiyi kimi, ikitərəfli əlaqələrimizin önəmli hissəsi nəqliyyatla bağlıdır. Burada da bütün işlər uğurla və plan üzrə gedir.

Gürcüstan və Azərbaycan Orta Dəhlizin həyata keçirilməsində də uğurla fəaliyyət göstərirlər. Növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımların atılması gözlənilir.

Qaribaşvilinin ölkəmizə səfəri zamanı yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün mövcud imkanlar bir daha dəyərləndirildi. Qonşu ölkənin hökumət başçısı isə etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşı kimi mövqeyini bir daha bəyan etdi.

Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin dekabrında Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” hər iki ölkənin həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bakı və Tbilisinin Avropanın enerji təhlükəsizliyi üçün oynadığı önəmli rol da getdikcə artır. Təbii ki, iki ölkə arasında mövcud olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir.
Ümumiyyətlə, Azərbaycanla Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı şəkildə bir-birini dəstəkləyir.

Təcrübə göstərir ki, Cənubi Qafqaz regionun inkişafı ölkələr arasında ikitərəfli münasibətlərin dinamikasından birbaşa asılıdır. Bu mənada Bakı və Tbilisi əsl nümunə sərgiləyir”.

Xəbərlər