“Azərbaycan dövləti Qarabağda çətin vəziyyətdə yaşayan ermənilərə kömək etməyə hazırdır”
“Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları uzun zamandır ki, terrorçuların təsirlərinə məruz qalırlar. Onlar qorxu içərisində yaşayırlar və öz fikirlərini ifadə etmək, öz təkliflərini vermək ixtiyarları demək olar ki, tamamilə əllərində alınıb. Nəinki bugün, eləcə də müharibədən əvvəl və müharibə dövründə biz Qarabağda yaşayan ermənilərin bir çoxlarının fikirlərini eşitdik. Onlar sülh tərəfdarı olduqlarını gizli şəkildə büruzə verirdilər. Bildirirlər ki, müharibə bizə lazım deyil və müharibə insanların başına gətirilən fəlakətdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, sadə ermənilərin əksəriyyəti bu gün dinc azərbaycanlılarla bir yerdə yaşamaq fikrindədirlər:
“Ancaq təəssüflər olsun ki, quldur dəstələri - Köçəryanlar, Sarkisyanlar və digərləri daimi olaraq bu insanları təsir altında saxlayıblar, zülm veriblər. Bu gün Azərbaycan dövləti bütün imkanlardan istifadə edir ki, onlarla müəyyən əlaqələr yaradılsın və onlar öz səhvlərini başa düşsünlər, qəti olaraq fikirlərini bildirsinlər. Bu quldur dəstələrinə qarşı çıxsınlar və Azərbaycan torpağında azərbaycanlılarla bir yerdə yaşamağa nail olsunlar. Bir neçə gündür ki, davam edən aksiya da onu göstərdi. Orada səsləndirilən fikirlər, havaya buraxılan göyərçinlər, musiqinin səsləndirilməsi və dinc aksiyanın keçirilməsi bir daha deməyə imkan verir ki, Azərbaycan xalqı sülhün tərəfdarıdır, Azərbaycan xalqı ermənilərlə birgə yaşamağın, əməkdaşlığın, mehriban qonşuluq şəraitində ömür sürməyin tərəfdarıdır. Ancaq erməni quldurları çox təəssüflər olsun ki, buna imkan vermirlər. Onlar tarixən özlərinin millətçi ideyalarını yeridiblər və bu gün də yeritməkdədirlər. Bu ideyalar altında erməni xalqını təsir altında saxlayır və Ermənistanı uçuruma aparırlar”.
Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan dövləti Qarabağda çətin vəziyyətdə yaşayan ermənilərə kömək etməyə hazırdır. O şərtlə ki, onlar silahı yerə qoysunlar, Azərbaycan qanunlarına tabe olsunlar və birgə yaşamaq barədə ciddi düşünsünlər:
“Sözsüz ki, bu məsələlərdə şovinist ideyalar heç vaxt həyatda uğur qazana bilməz. 30 il torpaqlarımız işğal altında qaldı. Azərbaycan səbir, təmkin nümayiş etdirdi. Nəticədə qazandığımız qələbə dünyaya məlumdur. Elə bilirəm ki, biz Xankəndidə bu gün ermənilər yaşayan müəyyən ərazilərdə də suveren hüquqlarımızı tam tabe edəcəyik. Ermənilər istəsələr bizimlə qalıb bir yerdə yaşayacaqlar, əks təqdirdə, onlar bizim qanunları qəbul etmirlərsə, bizimlə birgə yaşamaq istəmirlərsə, öz hüquqlarıdır və başqa ölkələrə gedə bilərlər. Ona görə də, bütün imkanlardan istifadə olunmalıdır. Sülhsevər ermənilərə dəstək verilməlidir, onlara müəyyən imkan, köməklik yaradılmaldır ki, onlar münasibətlərin yaxşılaşdırılması üçün qətiyyətli addımlar atsınlar”.