“Azərbaycan cəmiyyəti dəyişib və inkişaf edib, xalq seçki barədə açıq müzakirələrdə iştirak edir”
“Azərbaycan cəmiyyəti qardaş ölkədə - Türkiyədə baş tutan seçkilərlə yaxından maraqlanır. Bunun əsas səbəbi Türkiyə xalqıyla olan qardaşlıq ənənələridir. Deyərdim ki, bizim cəmiyyət Türkiyədəki seçkilərlə yanaşı, zəlzələdən tutmuş istənilən terror aktı ilə belə yaxından maraqlanıb. Xalqımız həm pis, həm də yaxşı günündə qardaş ölkənin yanındadır. Təbii ki, bu seçki Türkiyə xalqının seçkisidir, onlar öz talelərini - prezidentlərini seçirlər. Buna heç kim müdaxilə edə bilməz”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Azərbaycan toplumunun bu həyəcanı sadəcə qardaş ölkəyə olan sevgidən və seçki mühitinə olan maraqdan irəli gəlir: “Öz müşahidələrimdən deyərdim ki, ABŞ seçkiləriqabağı da sosial şəbəkələrdə insanlarımızın şərhlərini, proqnozlarını görürdüm. Bu, həqiqətən xoş haldır. Artıq Azərbaycan cəmiyyəti dəyişib və inkişaf edib. Xalq seçki barədə açıq müzakirələrdə iştirak edir. Bu, təkcə başqa dövlətlər üçün şamil olunmur, həmçinin ölkəmizdəki seçkilər zamanı da olduqca maraqlı şərhlərlə qarşılaşırdıq”.