“Azərbaycan BMT-Ni həqiqətləri dünyaya çatdırmaq üçün platforma kimi istifadə etdi”
“BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə qısa zamanda müzakirə təşkil etməsi bəzi suallar ortaya çıxarır. Bu, onun göstəricisidir ki, BMT Ermənistanın manipulyasiyalarının bir alətinə çevrilməkdədir”.
Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O vurğulayıb ki, hazırkı durum həm də BMT-nin bir təşkilat kimi, ciddiliyini əhəmiyyətli dərəcədə itirdiyinə işarədir:
“1993-cü ildə Ermənistan tərəfindən Azərbaycanın torpaqları işğal ediləndə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunurdu. Amma bu qətnamələr kağız üzərində qaldı. 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edərkən müvafiq olaraq BMT-nin qətnamələrinin icrasına da səbəb oldu. Bu zaman BMT Təhlükəsizlik Şurası yenə də Azərbaycanın guya Ermənistana qarşı aqressiya törətdiyini iddia etməyə başladı. Bütün bunlar nümayiş etdirir ki, BMT müstəqil fəaliyyət göstərən bir təşkilat deyil, ayrı-ayrı, siyasi dairələrin ambisiyalarına xidmət etməkdədir.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasında müzakirələrin təşkilinə nail olmaqla Azərbaycana qarşı gələcək qərəzli siyasi mövqelərin elementlərini formalaşdırmağa çalışırdı. Amma əksi baş verdi. Yəni Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının iclasını həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün istifadə etdi. Biz bir daha Azərbaycanın haqlı, ədalətli mövqeyini və davranışlarını çox ciddi şəkildə arqumentləşdirdik, Ermənistanın qeyri konstruktiv, sülh prosesini pozan davranışlarını və əsassız iddialarını da diqqətə çatdırmış olduq”.
Deputat vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı növbəti qərəz cəhdi fiaskoya uğradı:
“Müzakirələrin nəticəsində Azərbaycana qarşı heç bir sənəd qəbul olunmadı. Fransa və bir neçə qərəzli ölkənin mövqeyini nəzərə almasaq, Azərbaycana qarşı çıxan dövlətlər olmadı. Əksinə, Azərbaycan ciddi arqumentlərə söykənərək göstərdi ki, ərazisində ermənilərin hansısa blokada şəraitində saxlanmasından söhbət gedə bilməz.
Azərbaycan Xankəndiyə humanitar yüklərin çatdırılması üçün alternativ marşrutlar təklif edir. Laçın yolu ətrafındakı vəziyyətlə bağlı da ölkəmiz reallıqları çatdırmış oldu. Hesab edirəm ki, ermənilərin istəyi ilə təşkil olunmuş bu müzakirələri Azərbaycan həqiqətləri növbəti dəfə əsaslandırılmış şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bir platforma kimi uğurla istifadə etdi”.
Qeyd edək ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. İclasda Azərbaycanın haqlı olduğu bir daha sübut olunub və Ermənistanın iddiaları puç olub.
xeberal.az