“Azad olunmuş ərazilərdə təhlükəsiz məskunlaşma təmin olunacaq”
“Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Prezident İlham Əliyevin də söylədiyi kimi heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili bildirib ki, Azərbaycan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini plan üzrə davam etdirir:
“30 ilə yaxın müddətdə aparılan danışıqlarda Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri, xüsusilə Fransa bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın destruktivliyini daha da artırırdı. Bunun nəticəsində, 28 illik işğal dövründə Ermənistan Cenevrə Konvensiyalarının bütün prinsiplərini pozaraq, Laçın rayonunda coğrafi adları dəyişdirmiş, rayonun təbii resurslarını talan edərək, qazanc mənbəyinə çevirmiş, bu azmış kimi qanunsuz məskunlaşma siyasəti aparmışdı. Lakin bütün tarixi torpaqlarımız kimi Laçın da öz milli ruhunu və tarixi simasını qoruyub saxlayıb. 44 günlük Vətən müharibəsində strateji əhəmiyyətə malik olan Laçın rayonu da işğaldan azad edildi”.
K. Nurullayeva onu da qeyd edib ki, Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı:
“2020-ci il Şuşanın azad olunmasından sonra Azərbaycan Ordusu Laçının da bir neçə kəndini azad etdi. Düşmən məcburən kapitulyasiya aktına imza ataraq, Laçından da çıxmağa dair təqvim verdi. Beləliklə, tarixi ədalət bərpa olundu. Son 3 ilə yaxın müddətdə azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Laçın rayonunu da əhatə edir. Rayonun ərazisində əhəmiyyətli infrastruktur layihələri icra edilir. Təsadüfi deyil ki, azad edilmiş ərazilərimizdə istismara verilən ilk elektrik stansiyası generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasıdır. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Bu stansiyaların hər biri bərpa olunmaqdadır. Laçında inşa olunan beynəlxalq hava limanı isə ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Dövlət başçımızın da söylədiyi kimi, Laçın Beynəlxalq Hava Limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşəcək hava limanı ətraf ərazilərə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Beləliklə, Laçın da daxil olmaqla bütün işğaldan azad olunmuş ərazilərimiz bərpa olunur və bütün görülən işlər qısa zamanda keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma yurduna qayıtmasına, bundan sonra burada əbədi yaşamasına hesablanıb. Dövlət başçımız çıxışı zamanı da qeyd etdi ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması əsas vəzifələrdən biridir”.
“Təsadüfi deyil ki, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. İşğaldan azad olunmuş ərazilərimizin bərpası böyük quruculuq işləri olmaqla yanaşı həm də yeni idarəetmə üsulunun təqdimatıdır”,- deyə millət vəkili sonda bildirib.