Ümumi 18 Yanvar 2024, 15:39 | Baxış sayı: 187
“Azad olunan ərazilərdə qazilərin işlə təmin edilməsinə önəm veriləcək”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında müharibə veteranlarına verilən aylıq müavinət məsələsinə toxunub. Onun sözlərinə görə müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə müharibə veteranlarına verilən 80 manat məbləğində müavinətin artırılması müzakirə oluna bilər. Nazir müavini onu da qeyd edib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır.

Milli Məclisin deputatı Arzu Nağıyev açıqlamasında deyib ki, prioritet məqam müharibə veteranlarının işləməsidir, onların əksəriyyəti işləyir. 

Həmçinin, bu kateqoriyadan olan vətəndaşların sosial təminatının gücləndirilməsi üçün işlər aparılır. 

Deputat qazilərin məşğulluğunun təmin olunması məsələsinə də toxunub:

“Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda şücaət göstərən qazilərə də müavinətlərin verilməsindən əlavə, onların iş yerləri ilə təmin edilməsi əsas hədəfdir. Əvvəllər dövlət qurumlarında çalışmış qazilərin yenidən işə qəbuluna həssaslıqla yanaşılır, nazirliklər bunu həyata keçirməyə başlayıblar. Eyni zamanda müxtəlif qurumlar döyüşlərdə yaralanmış işçilərinə maddi yardımlar göstərir, şəhid ailələri, qazilərin problemlərini öyrənmək məqsədilə onlarla mütəmadi görüşlər keçirilir”. 

A.Nağıyev əlavə edib ki, “Böyük Qayıdış” çərçivəsində azad olunan ərazilərdə işlə təminat məsələsinə də baxılır:

“Qazilərin orada iş yerlərinə cəlb edilməsinə xüsusi önəm veriləcək. Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanılıb. Müxtəlif əmək yarmarkaları keçirilir. Orada müəyyən peşəyə sahib qazilərə daha çox üstünlük veriləcək. 

Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər də müəyyən edilib. Dövlət birmənalı şəkildə qazilərin və şəhid ailələrinin yanındadır. Onlara müxtəlif avadanlıqların verilməsi, işlərə cəlb olunması istiqamətində ƏƏSMN və digər qurumlar tərəfindən ciddi addımlar atılır”.

demokrat.az

Xəbərlər