"AXC-Müsavat xəyanətkar cütlüyü faciələrə yol açdı, Kəlbəcər işğal altına düşmüşdü"
“2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Ordusunun rəşadəti və diplomatiyada üstünlük Ermənistanı işğal altında olan digər əraziləri məcburən qaytarmağa sövq etdi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar bir zamanlar məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi: “Məhz Şuşa şəhərinin, ardından isə Laçın rayonunun ermənilər tərəfindən işğal olunmasına şərait yaradan AXC-Müsavat cütlüyü bundan “tramplin” kimi istifadə edərək silahlı çevriliş nəticəsində hakimiyyəti qəsb etmişdi. Lakin bu da son deyildi. Kəlbəcər də 1993-cü ilin aprelində məhz bu cütlüyün yarıtmazı hakimiyyətinin qurbanı oldu”.
Vüqar İskəndərov qeyd edib ki, AXC-Müsavat cütlüyü tərəfindən Kəlbəcərin ermənilərə təhvil verilməsinin bir adı vardı - milli xəyanət: “Kimsəyə sirr deyil ki, Vətən müharibəsi zamanı minlərlə igid oğullarımızın qanı bahasına işğaldan azad edilmiş torpaqlar ötən əsrin doxsanıncı illərinin əvvəllərində məhz indiki radikal müxalifət təmsilçilərinin hakimiyyət hərisliyinin qurbanına çevrilmişdi. Onu da qeyd edim ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Prezident İlham Əliyevin martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bəyan etdiyi kimi, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Dövlət başçısının da qeyd etdiyi kimi Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. Yuxarıda da vurğuladığımız kimi həmin vaxt AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Təsadüfi deyil ki, AXC-Müsavat xəyanətkar cütlüyü məhz Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi. Bu isə daha böyük faciələrə yol açdı. Lakin bu da son olmadı. Cəmi bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradıldı”.
Deputat vurğulayıb ki, Kəlbəcər kimi strateji rayonun bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsidir: “Bir sözlə, bizim 44 günlük Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefini, ağır, soyuq iqlimini nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Mənbə: APA