Plenar iclaslar 16 İyun 2023, 15:45 | Baxış sayı: 157
“Avtovağzal binası şadlıq sarayı və ya market kimi fəaliyyət göstərir”

“Qanun layihəsində tıxacların yaranmasında taksilərin rolu göstərilir. Bəli rolu var, amma mən hesab edirəm ki, bu, taksilərin çoxluğundan yox, daha çox taksilərin qaydalara riayət etməməsindən və taksi xidmətlərinin nəzarətsizliyindən irəli gəlir”.

Ölkə.az xəbər verir ki, bunu deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrdən olan ictimai nəqliyyatın yüksək səviyyədə olmasına baxmayaraq ucuz taksi xidməti təklif edən Sinqapurda insanlar əsasən taksidən istifadə edir. 

“Bizdə isə ictimai nəqliyyatın yaxşı vəziyyətdə olmaması fonunda hesab edirəm ki, taksilərin çox olması qəbul ediləndir. Ya da ictimai nəqliyyat yüksək səviyyədə təşkil olmalıdır, yəni digər yerüstü nəqliyyat vasitələri- tramvay, trolleybus, elektrobus və s. təklif olmalıdır”, - o qeyd edib.

O əlavə edib ki, rəsmi statistikaya görə 2013-cü ildən 2021-ci ilə qədər ölkə əhalisinin sayı 763 min nəfər artdığı halda, avtobusların sayı bu dövrdə cəmi 481 ədəd artıb: “Bəs bu insanları necə daşıyaq? Düzdür, əvəzində minik avtomobillərinin sayı 300 min ədəd artıb və bu da lisenziyasız taksi xidmətinin artmasına şərait deməkdir.

Qanunda şəhərlərarası, rayonlararası müntəzəm sərnişin daşımanın kağız və elektron bilet-uçot vərəqi əsasında həyata keçirilməsi nəzərdə tutulur. Bu, həm də sərnişinlərin icbari fərdi qəza sığortasının işləməsi başımından da çox vacibdir. Mən sərnişinlərin icbari fərdi qəza sığortasının işləməməsi ilə bağlı Plenar iclaslarda bir neçə dəfə  çıxış etmişəm. Və artıq bu məsələ Yol hərəkəti haqqında qanunda öz əksini tapıb, belə ki, avtobusların texniki baxışı zamanı bu sənəd artıq elektron formada tələb olunur. Buna baxmayaraq, hesab edirəm ki, icazə sənədləri içərisində sərnişinlərin icbari fərdi qəza sığortası haqqında məlumatın olması da yaxşı olardı.

Qanunda şəhərlərarası, rayonlararası müntəzəm sərnişin daşımanın başlanğıc, aralıq və son nöqtələrinin avtovağzallar (avtostansiyalar) olması təklif olunur. Əslində rayon və şəhərlərdəki avtovağzallar artıq keçən əsrin 90-ci illərin əvvəllərində özəlləşdirilib, bəziləri də təyinatı üzrə işləmirlər. Elə rayonlar var ki, avtovağzal binası şadlıq sarayı və ya market kimi fəaliyyət göstərir.  Bundan əlavə 7.1-1 maddəsi əlavə olunur və burada göstərilir ki, əhalisi 300 minədək olan rayon və şəhərlərdə 1, 300 mindən artıq olan rayon və şəhərlərdə 2 və daha çox Avtovağzal və avtostansiya ola bilər. 300 minlik şəhər işə çox böyükdür və şəhərlərin bir neçə giriş-çıxışı olur. Bu baxımdan təklif edirəm ki, 300 minədək olan şəhərlərdə də bir neşə avtovağzal və ya avtostansiyanın olması daha düzgün olardı. Bu, insanların həm rahatlığı və həm də kiçik avtostansiyaların daha tez tikilməsi, istismara verilməsi baxımından daha real və praktik olar”, - o qeyd edib.

Xəbərlər