“Avtomobillərlə bağlı qərar təqdirəlayiqdir, lakin vergi və rüsumlarda stimullaşdırıcı güzəştlər tətbiq olunmalıdır”
“Nazirlər Kabinetinin 29 mart 2023-cü il müvafiq qərarına əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə gətirilməsi məhdudlaşdırılacaq. Əslində təqdirəlayıq bir qərardır. Belə ki, bu gün ölkəmizin avtomobil parkı çox köhnədir. Rəsmi statistik məlumatlara görə, ölkədə olan avtomobillərin 80%-nin yaşı 10 ildan yuxarıdır, yəni mütləq əksəriyyəti köhnə avtomobillərdir. Bu göstərici ölkədə olan avtobuslar və yük maşınlarına münasibətdə daha pisdir. Belə ki, ölkədə olan avtobuslar 86 %-nin və yük maşınların isə 90%-nin yaşı 10 ildən çoxdur. Bu gün ölkədə avtoparkın 40%-i köhnə Sovet və Rusiya istehsallı avtomobillərdir. Bunlar çox böyük rəqəmlərdir, amma müasir dövrdə, intensiv hərəkət şəraitində istər təhlükəsizlik, istərsə də ekoloji baxımdan bütün bunlar heç də yaxşı göstəricilər deyil”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Deputat bildirib ki, yeni qərarın qəbul edilməsi köhnə, istismara yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yeniləşməsinə, yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına, avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, insan həyatı, sağlamlığının və ətraf mühitin qorunmasına xidmət edəcək: “Qərarın qəbul edilməsinin əsas məqsədinin də məhz bu parametrlərin yaxşılaşdırması olduğu bildirilir. Burada digər məqamları da yaxın zaman üçün mütləq nəzərə almaq lazımdır. Tələb-təklif nisbətinin pozulması, o cümlədən ilinə görə avtomobillərin qiymətinin xaricdə də baha olması bazarda qiymət artımını qaçılmaz edəcək. İctimai nəqliyyatın lazımi səviyyədə olmaması fonunda şəxsi minik avtomobillərinə tələbatın yüksək olduğunu nəzərə alsaq, demək, tələb də mütləq artacaq. Bundan əlavə, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, son 6 ildə ölkəmizə minik avtomobillərin idxalı 17 dəfə, yük avtomobillərin idxalı isə 10 dəfə artıb. Lakin 2014-cü ildə Nazirlər Kabinetinin “avro-4” lə bağlı məlum qərarından keçən 7 illik bir dövrdə yaşı 10 ildən yuxarı olan avtomobillərin sayı faizlə ifadədə 62%-dən 80%-ə, avtobuslar 75%-dən 86%-ə, yük avtomobilləri isə 73%-dən 90%-ə qədər artıb. Yəni avtomobil parkımızın köhnəlməsi prosesi baş verib. Bu həm də onu göstərir ki, idxalın kəskin artmasına baxmayaraq, ölkəyə əsasən ikinci əl maşınlar gətirilib”.
İ.Yusifov bildirib ki, indiyə qədər Avropa, Amerika, Koreya bazarlarından əsasən 2006-cı ilin yanvarın 1-dən sonra istehsal olunan avtomobillər gətirilə bilirdisə, artıq yeni qərar nəticəsində ölkəyə yalnız 2013-cü ildən sonra buraxılan maşınlar gətirilə biləcək: “Deməli, ölkəyə gətirilən avtomobillərin qiyməti də əvvəlkilərə nisbətən baha olacaq. Ölkəyə gətirilən avtomobillərə vergi və rüsumlar da həmin qiymətlər əsasında hesablanacaq. Nəticədə, yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər bazarda daha yüksək qiymətə təklif olunacaq. Yəni vergi və rüsumlarda mütləq müəyyən stimullaşdırıcı güzəştlər tətbiq olunmalıdır. Düzdür, ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq üçün elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı Əlavə Dəyər Vergisindən azad edilib. 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu, əsasən tam və nisbətən yeni elektrik və hibrid avtomobillər üçündür. Hesab edirəm ki, atmosfer tullantılarını azaltmaq, insanların təhlükəsizliyini təmin etmək, sağlamlığını qorumaq məqsədilə mövcud avtomobil parkını təzələmək prosesinin özünü stimullaşdırmaq üçün 10 ilə qədər olan bütün avtomobillərə də ƏDV və rüsumlarında və s. müəyyən güzəştlər nəzərdə tutulmalıdır ki, qərarın tətbiqi növbəti dövr üçün effektli olsun. Belə ki, 2014-cü ildə Nazirlər Kabinetinin “avro-4” yanacağı ilə bağlı qərarından sonrakı müddətdə avtomobil parkının keyfiyyətcə yenilənməsi baş verməyib, əvəzində köhnəlməsi prosesi davam edib. Bundan əlavə, ekoloji durumu yaxşılaşdırmaq, insan sağlamlığına önəm verərək atmosfer tullantılarını azaltmaq üçün mütləq ekoloji tələblərə cavab verən yanacaq da təklif olunmalıdır. Bu gün ölkədə benzin istehlakının 90%-dən yuxarı həcmini təşkil edən Aİ-92 yanacağı dünyada qəbul olunmuş ekoloji normalara cavab vermir. Yəni bu məsələlər birtərəfli yox, kompleks qaydada həll olunmalıdır”.