"Avtomobillərin parklanma tariflərinin artırılmasını müsbət qarşılamaq lazımdır"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev Bakıda avtomobillərin parklanma tariflərinin kəskin artırılmasını adekvat qərar hesab edir.
O, açıqlamasında deyib ki, bütün ölkələrdə, şəhərlərin mərkəzlərindəki qiymətlər - parklanma ödənişləri, iaşə xidmətləri, kirayələr, ümumiliklə, hər şey digər ərazilərə nisbətdə iki-üç dəfə bahadır.
Deputat qeyd edib ki, hazırda müzakirələrə səbəb olan parklanma qiymətlərinin bahalaşması haqqında qərar adekvatdır:
“Bakının mərkəzində hər şey digər ərazilərlə müqayisədə iki-üç dəfə bahadır. Hətta mərkəzdən bir neçə kilometr aralıda qiymətlər nisbətən daha aşağıdır. Parklanma qiymətlərinin də bu məsələyə uyğunlaşdırılması təəccüblü deyil. Hazırda Bakı şəhərinin baş planı hazırlanır. 2040-cı ilə qədər bu prosesə 6 milyarda qədər vəsait xərclənməsi nəzərdə tutulur. Bu prosesin bir hissəsi olaraq bütün parklanma məsələləri də tam həll olunacaq”.
R.Quliyev paytaxtın mərkəzində tıxaclarla bağlı problemləri əsas gətirərək belə bir qərarın müsbət qarşılanmalı olduğunu deyib:
“Ona görə də belə bir qərarın tətbiqi müsbət qarşılanmalıdır. Bu, ictimai nəqliyyatın inkişafı üçün də faydalı ola bilər. Sakinlər şəhərin mərkəzinə metro və ya avtobuslarla gəlsinlər. Yaxud hər kəs avtomobilini mərkəzdən kənarda münasib parklanma yerlərində saxlayıb piyada hərəkət etsin. Düşünürəm ki, belə olmalıdır”.
Qeyd edək ki, son günlərdə paytaxt Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində qiymətlər 2,6 dəfəyədək bahalaşıb. Bu da sosial şəbəkələrdə kəskin narazılığa səbəb olub.
report.az