İqtisadiyyat 27 Fevral 2023, 14:27 | Baxış sayı: 169
“Avtomobilin Aİ-95 markalı benzinlə işləməsi nəzərdə tutulduğu halda, qənaət üçün Aİ-92-dən istifadə düzgün deyil”

“Həqiqətən də, Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı həmişə istehlakçılar ciddi iradlar səsləndiriblər. Hesab edirəm ki, buna bir az haqları da var. Deyilənlərə görə, bizdə benzinin keyfiyyəti, hətta eyni şəbəkənin fərqli ərazilərdəki yanacaqdoldurma məntəqələrində də fərqli olur. Amma bunu birmənalı olaraq istehsalçı ilə əlaqələndirmək də düzgün deyil. Bilirsiniz ki, Aİ-92 markalı benzin Azərbaycanda istehsal olunur, Aİ-95, Aİ-98 markalı benzin isə idxal edilir. Lakin istehsalçı zavodun artıq modernləşdirilməyə çoxdan ehtiyacı var və bu işlər hazırda aparılır. Hətta məlumatıma görə, yaxın zamanlarda “Avro-5” keyfiyyətli yanacaq istehsalı üçün lazım olan qurğuların istismara verilməsi də nəzərdə tutulur...”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov son bir neçə həftə ərzində benzinin keyfiyyətinin aşağı düşməsi barədə narazılıqlara münasibət bildirərkən deyib.

 

Deputat hesab edir ki, Aİ-92 markalı benzinin keyfiyyət göstəriciləri istehsalçı zavodun texniki şərtlərinin tələblərinə uyğundur: “Lakin burada digər məqamlar da rol oynaya bilər. Bilirsiniz ki, bizdə pərakəndə satış liberaldır. Sonradan yanacaqdoldurma məntəqələrində yanacağa keyfiyyət baxımından hansısa müdaxilələrin olub-olmaması isə artıq xüsusi nəzarət mexanizmi tələb edir. Növbəti fakt budur ki, sürücülər gərək avtomobilin tələb etdiyi benzini mütləq düzgün seçsinlər. Avtomobilin Aİ-95 markalı benzinlə işləməsi nəzərdə tutulduğu halda, qənaət üçün Aİ-92 markalı benzindən istifadə düzgün deyil. Sonra da problem olanda yanacaqdoldurma məntəqələrini ittiham etməyə başlayırlar. Bundan əlavə, avtomobil sahibləri deyə bilərlər ki, onların avtomobilləri “Regular” (87,91) benzininə uyğundur. Bu mümkündür, yəni Aİ-92 benzini oktan ədədinə görə elə “Regular” benzininə bərabərdir. Lakin onun tərkibi, ekoloji standartı fərqlidir”.

 

İ.Yusifov bildirib ki, bu gün ölkədə avtoparkın 40%-i Sovet və Rusiya istehsallı avtomobillərdir: “Bu avtoparka uyğun gələn benzin isə "Aİ-92"dir. Ən əsas bir məsələ “Avro” standartları ilə əlaqədardır. Avtomobil istehsalçıları artıq 2000-ci illərin əvvəlindən “Avro-3” ekoloji standartına keçərək qısa müddətdə tələbləri sərtləşdirib. ABŞ-da 2004–cü ildən, Avropada 2005-ci ildən, Koreyada 2006-cı ildən, Yaponiyada 2011-ci ildən “Avro-4” ekoloji standartlara keçiblər. Artıq avtomobil istehsalçıları “Avro-6” standartına keçiblər. Azərbaycanda isə 2014-cü ildən “Avro-4” standartlı avtomobillərin idxalı və istehsalına tələblər qoyulub. Yəni 2000-ci ildən Amerika, Koreya, Yaponiya, Qərbi Avropa və s. inkişaf etmiş, avtomobil və mühərrik istehsalçı ölkələr yanacağa dair birgə tələblər formalaşdıraraq bir-birinə sinxronizə edilmiş standartlar yaradıblar. Belə olan halda, bu gün yaşı 10-15 il, hətta daha artıq olan avtomobillər də “Avro-4” ekoloji standartlarına uyğun yanacaq işlətməlidir. Burada söhbət oktan ədədindən yox, yanacağa və avtomobilin mühərrikinə olan tələbdən gedir. Çünki “Avro-4” ekoloji standartlarına uyğun avtomobillərin mühərrik sistemləri təkmilləşdirilərək xüsusi qurğularla təmin edilir ki, həmin standartlara cavab verməyən benzindən istifadə olunan təqdirdə müəyyən problemlər yarana bilir. Yəni məsələnin tam həlli “Avro” standartlı benzin istifadəsi ilə bağlıdır. “Avro” ekoloji standartı həm avtomobilin mühərrikinə, həm də yanacağa olan tələbdir. Bu iki komponent bir-birini tamamlamalıdır. Hesab edirəm ki, yaxın zamanda ölkəmizdə “Avro” standartlarına uyğun benzin istehsalına başlanacaq”.

Xəbərlər