KOMİTƏ İCLASLARI 20 Aprel 2022, 14:10 | Baxış sayı: 178
"Avropada yolun işarələnməsi 131 avroya başa gəlir, bizdə isə 1850 manata müqavilə bağlanıb".

“Son illərdə Hesablama Palatasının rəylərindən də görünür ki, məsələlərə məsuliyyətli yanaşma var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, bu məsuliyyətli yanaşmanın davam etməsi üçün millət vəkilləri ilə sıx əlaqələr qurulmalıdır: “Mən çox istərdim ki, qurum bu ənənəni davam etdirsin. Bu təmaslar Hesablama Palatasının Milli Məclisə qapılarının açılması deməkdir. Bu, əməkdaşlığın inkişafı üçün ən böyük amillərdən biridir. Hesabatda bərpası mümkün olmayan vəsaitlər məsələsi mənim diqqətimi cəlb elədi. Əslində dövlət büdcəsi əla mahiyyət daşıyır, yəni bərpası mümkün olmayan bir şey olmamalıdır. Əgər nəsə varsa, bu korrupsiya elementidir”.

Deputat xatırladıb ki, ötən dəfə Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı məsələni müzakirə ediblər: “Məlum oldu ki, Avropada 131 avroya başa gələn işarələnmə Azərbaycanda 1850 manata müqavilə bağlanıb. Bu nə deməkdir?!”

Fazil Mustafa qeyd edib ki, Hesablama Palatasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirir: “Bunun əsas səbəbi həm də Milli Məclisdə yaranan şəffaflıqla bağlıdır. Milli Məclisdə tenderlər açıq elan olunub. Qaranlıq işlər ortadan qalxıb. Kadr dəyişiklikləri aparılıb. Buna görə də düşünürəm ki, hesabat çox əhatəli idi”.

Xəbərlər