Siyasət 9 Oktyabr 2023, 16:39 | Baxış sayı: 215
“Avropa qətnamə deyib, ortaya atdığı kağız parçası ilə yadda qalmaq istəyir”

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə anti-Azərbaycan mövqeyinin təzahürüdür. Bu, birmənalı şəkildə Azərbaycana, Türkiyəyə qarşı atılan addımdır və birinci hal deyil”.

Bu fikirləri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib. O qeyd edib ki, qətnamənin ilk maddəsində etnik təmizləmədən söhbət gedir:

“Sual olunur, hansı etnik təmizləmədən söhbət gedir ki, parlament üzvlərinin özləri etnik təmizləmə ilə məşğul olan ayrı-ayrı dövlətləri təmsil edirlər? İstər ATƏT, istər Avropa İttifaqı, istər Birləşmiş Millətlər Təşkilatı hamısı bilir ki, Azərbaycan heç vaxt etnik təmizləmə ilə məşğul olmayıb. Xankəndindəki lokal antiterror əməliyyatları zamanı da sıravi vətəndaşlara ərazini tərk etmək haqqında hər hansı komanda verilməyib və yaxud onları çıxmağa məcbur edən addımlar atılmayıb. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bütün tədbirlər, atılan addımlar qanunsuz hərbi birləşmələrə, onların istehkamlarına, silahlarına və qeyri-qanuni hərəkətlərinə aiddir.

Avropa İttifaqına daxil olan dövlətləri Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırlar. Bunlar absurd məsələdir. Çünki dünya Azərbaycanı Avropanın enerji təminatı ilə bağlı təhdidinin qarşısını alan dövlət kimi tanıyır. Belə bir məqamda bəzi avropalı rəsmilər sanksiya tətbiqini təklif edirsə, deməli, burada ikili standartdan söhbət gedir”.
Arzu Nağıyev Avropa Parlamentinin deputatlarının arasında muzdla tutulmuş və yaxud müəyyən vəsait müqabilində diktə edilmiş fikirləri danışmağa vadar edilən parlamentarilər olduğunu vurğulayıb:

“Qətnamədə həmçinin, avropalı missiyanın bölgəyə cəlb olunması haqqında maddə yer alır. Qeyd etmək lazımdır ki, bölgəyə hansısa missiya gələcəksə, bu, hər iki tərəfin razılığı ilə olmalıdır. Müşahidəçilər ölkəyə gələ, burada hansısa müşahidəni ancaq Azərbaycanın razılığı ilə apara bilərlər. Müxtəlif vizual kəşfiyyatçılar, jandarm qüvvələri gəlib, sərhəddə duraraq, Azərbaycan haqqında absurd məruzələr hazırlamaq istəyirlərsə, bu baş tutmayacaq.

Avropa Parlamentinin qətnaməsində rus sülhməramlı qüvvələrinin BMT-nin qoşunları ilə əvəz edilməsi haqqında da fikirlər yer alıb. Lakin bu, bizim öz daxili işimizdir, münaqişə tərəflərinin işidir. Münaqişə tərəfləri məsələni vaxtilə 2020-ci ildə müvafiq müqaviləyə uyğun olaraq edibsə və razılığa əsasən proses 2025-ci ildə bitməlidirsə, belə də olacaq. Ola bilər, proses hətta daha tez həll edilsin, istənilən halda sülhməramlıların kiminləsə əvəz edilməsi real görünmür.  

Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı addım atmayıb. Hətta Ermənistan baş naziri Nikol Paşinyan da dünən verdiyi açıqlamada Azərbaycanın ərazisini tanıdığını bəyan edir. Belə olan halda, Avropa Parlamenti prosesləri anlaşılmaz bir formada təqdim etməyə çalışır. Onların Zəngəzur dəhlizi, beynəlxalq logistik daşımalarla bağlı atılan addımlara, regional məsələlərə qarışmağa ixtiyarı yoxdur. Anlaşılan odur ki, Avropa sadəcə qətnamə adı ilə bir kağız parçasını ortaya qoyub, bununla yadda qalmaq istəyir. Guya azadlıq carçısıdırlar.

Avropa İttifaqı, Şarl Mişel özü də danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyünü dəstəkliyini qeyd edib. Görünür ki, bütün bunların hamısı Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək niyyətinin göstəricisidir”.

oxu.az

Xəbərlər