“Avropa Paşinyanı düşdüyü durumdan çıxarmaq üçün xüsusi strategiya hazırlayıb”
“Ermənistan Vətən müharibəsində məğlubiyyətə uğradıqdan sonra bu və ya digər miqyaslarda Azərbaycana qarşı təxribatlar törədib. Bütün bunların başlıca məqsədi isə sülh sazişindən yayınmaqdır. Çünki ağır məğlub durumda sülh sazişini imzalamaq həm Ermənistan rəhbərliyini, həm də onun havadarlarını narahat edir”.
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Ermənistanın aprelin 11-də Laçında törətdiyi təxribat haqqında danışarkən deyib. O qeyd edib ki, kənar dairələr regionda münaqişənin davam etdiyi təəssüratını formalaşdırmaqda israrlıdırlar və bu səbəbdən Ermənistanı sülhdən yayındırmaq istəyirlər:
“Regionda sülhün bərqərar olması təhlükəsizliyin təmin olunması reallığını ortaya qoyur. Belə olan halda Cənubi Qafqaz regionunda öz mövcudluğunu, təsir imkanlarını saxlamaq istəyən dairələr bundan məhrum olurlar.
Ermənistanı təxribatlara cəsarətləndirən isə Avropa siyasi dairələrindən almış olduğu açıq dəstəkdir. Xüsusilə, son dövrdə Avropa siyasi dairələrində, institutlarda Azərbaycana qarşı qərəzli mövqe sərgilənir. Fransa parlamentində qərəzli qətnamələrin qəbul olunması, Avropa parlamentində qərəzli müzakirələrin aparılması, Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə Azərbaycanla bağlı qərəzli məsələlərin müzakirəsinin təqdim edilməsi göstərir ki, təcavüzkar Ermənistana hərtərəfli dəstək olmaq cəhdləri mövcuddur. Görünür, Qərb Cənubi Qafqaz regionunda özünün mövcudluğunu, təsir imkanlarını saxlamağa, gücləndirməyə çalışır. Ermənistan isə bu istiqamətdə, sadəcə, alətdir”.
Deputat vurğulayıb ki, Paşinyan hakimiyyəti xüsusilə Avropa İttifaqının mülki missiyasının ötən il oktyabrın 6-da Ermənistana gəlməsindən sonra cəsarətlənib, erməni baş nazir ritorikasını sərtləşdirib, hərbiləşdirib. Müşahidə missiyasının ötən ilin dekabrında başa çatmasına baxmayaraq, ortaya bir hesabat qoyulmayıb:
“Görünür, bu missiya əsl missiyasını yaxşı yerinə yetirmək üçün zamana malik olmadı. Yəni Ermənistanın məzlum obrazını möhkəmləndirmək, Azərbaycanı isə guya aqressiv kimi təqdim etmək üçün kifayət qədər “əsas” tapa bilmədilər. Ona görə daha uzun – iki il müddətində mülki missiyanın göndərilməsi haqqında qərar qəbul olundu. Bu missiya isə ortaya nə isə qoymaq üçün əsaslar axtarır. Bu əsasları formalaşdıran da Ermənistanın təxribatlarıdır.
Azərbaycanın bu cəhdlərə reaksiyasına səbəb ola biləcək addımlar atırlar. Mühəndis işləri görməyə, Azərbaycan ərazilərində yaşayan separatçıları silahlandırmağa, nəzarətsiz yollardan istifadə edərək, Xankəndiyə sirayət etməyə çalışırlar. Azərbaycan tərəfi bütün bunların qarşısını alır. Çünki bu bizim təhlükəsizlik məsələmizdir. Öz ərazilərimizdə cərəyan edən addımlara nəzarət və təsir etmək hüququndayıq.
Nəzərə almaq lazımdır ki, Ermənistanın müdafiə naziri NATO mənzil-qərargahında idi və orada Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirirdi. Görünür, həmin vaxtda belə təxribat törətməklə, həm də Ermənistan müdafiə nazirinin Azərbaycan əleyhinə fikirlər səsləndirməsinə də əsas yaratmağa çalışıblar. Bütün bunlar Ermənistanın məzlum obrazını formalaşdırmaqdan, Ermənistana dəstəyi gücləndirməkdən, onu düşmüş olduğu ağır məğlub vəziyyətindən hansısa başqa yüngül vəziyyətə keçirmək cəhdlərindən ibarətdir”.
Avropa siyasi dairələrinin Ermənistana dəstəklə kifayətlənmədiyini qeyd edən Elşad Mirbəşiroğlunun fikrincə, hətta Paşinyanı bu vəziyyətdən çıxarmaq üçün xüsusi strategiya müəyyənləşdiriblər:
“İndi həmin strategiyanı həyata keçirirlər. Ermənistanın təxribatları da bu strategiyanın komponentlərindən biridir. Amma Azərbaycan həm siyasi, həm hərbi cəhətdən müqayisə olunmayacaq dərəcədə güclüdür. Ermənistanın bütün təxribatlarının qarşısını qətiyyətlə alırıq və müvafiq şəkildə hərbi-siyasi mövqelərimizi gücləndiririk”.