Siyasət 14 Sentyabr 2023, 22:50 | Baxış sayı: 164
"Avropa Parlamentinin qətnaməsi tamamilə əsassız və hüququn aliliyinə ziddir"

Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı qəbul etdiyi qətnamə tamamilə əsassızdır və özlüyündə hüququn aliliyinə ziddir. 

Birincisi, istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatın qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir. Ona görə də Avropa Parlamentinin Qubad İbadoğlu ilə bağlı qəbul etdiyi qətnamənin hüquqi əsası yoxdur. 


İkincisi, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30 illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan və 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız və saxta ittihamlar səsləndirən Avropa Parlamentinin qətnamələrinin heç mənəvi əsası da ola bilməz. Bu qətnamə növbəti kağız parçasıdır və Avropa Parlamentinin qara tarixinin növbəti səhifəsidir. 

Əgər Avropa Parlamenti səmimi olaraq insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, Ermənistandan kütləvi formada deportasiya edilmiş və etnik təmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri və soyqırımlarla ilə bağlı erməni minalarından həlak olan və yaralanan şəxslərin hüquqları ilə bağlı danışardı və fəaliyyət göstərərdi. 

Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığını çox yaxşı anlayır və görür. 

Bu gün Avropa Parlamentinin özünün bütövlüyü və aşkarlığı şübhə altındadır. Ötən ilin sonunda Avropa Parlamentinin vitse-spikeri, Yunanıstandan olan Eva Kailini, Parlamentin digər üzvləri Andrea Kozzolinonu, Mark Tarabella, Antonio Panzeri və digərlərinin korrupsiya ittihamı ilə saxlanılması bunun əyani sübutudur. Təsadüfi deyil ki, Eva Kailini həmçinin 2-ci Qarabağ müharibəsi zamanı və sonrasında Azərbaycana qarşı ədalətsiz, haqsız və düşmən mövqeyi ilə seçilən deputatlardan olub. 

İndi isə vaxtıilə Eva Kailini kimi deputatın vitse-spiker olduğu Avropa Parlamentinin qətnaməsinin məqsədi ölkəmizin nüfuzuna zərər vurmaq cəhdidir.

Ancaq Avropa Parlamentinin üzvləri anlamalıdır ki, özünün bütövlüyü şübbə altında olan parlamentin heç bir qərarı Azərbaycanın nüfuzuna zərər vura bilməz. Əksinə bu gün Avropa İttifaqına üzv dövlətlərinin özləri Azərbaycanla münasibətləri dərinləşdirməyə çalışır. Bu əməkdaşlığımız isə qarşılıqlı maraqlar və qarşılıqlı hörmətə əsaslanır. Biz Avropa İttifaqına 9 üzv ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalamışıq. Ona görə də bizim Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərq isə Avropa Parlamentinin doğru yolda olmadığının göstəricisidir.

demokrat.az

Xəbərlər