"Avropa Parlamentinin qərarı məntiqsizdir”
“Separatizm xalqların və dövlətlərin milli təhlükəsizliyi üçün çox böyük təhdiddir. Azərbaycan öz ərazilərində separatizm və ekstremizmə son qoymaqla dünyadakı bir separatizm ocağını söndürmüş oldu. Buna görə bizə beynəlxalq səviyyədə təşəkkür edilməlidir”.
Bu fikirləri millət vəkili Elşad Mirbəşiroğlu bildirib
O qeyd edib ki, Azərbaycan ərazisində konstitusiya quruluşunun pozulması, separatçı rejimin yaradılması dövlət təhlükəsizliyimizi ciddi təhdid edirdi. BMT Nizamnaməsinin 51-ci maddəsi hər bir dövlətə öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ verir. Azərbaycan bu hüququndan istifadə edərək ərazisindəki separatizmi aradan qaldırdı.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Qarabağ ərazisində olan ermənilər əgər dövlətimiz və xalqımıza qarşı cinayətlərdə iştirak etməyiblərsə, tam dinc təhlükəsizlik şəraitində Azərbaycan vətəndaşı kimi öz həyatlarını davam etdirə bilərlər. Azərbaycan bu mövqeyini dəfələrlə bəyan edib. Eyni zamanda sentyabrın 19-20-si tarixlərində keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı bütün dünya ictimaiyyəti dövlətimizin humanizmini görmüş oldu. Otuz il sonra bölgəyə ayaq basan BMT missiyası da bölgədəki vəziyyətin ermənilərin təqdim etdiyi kimi olmadığını əyani şəkildə müşahidə etdi. Avropa İttifaqı da etiraf etməyə məcbur oldu ki, Azərbaycan öz ərazilərində anti terror tədbirlər həyata keçirib və mülki əhaliyə qarşı humanist davranıb. Separatizmə rəhbərlik edən şəxslər barədə isə Azərbaycan qanunlarına uyğun tədbirlər görülür:
“Hesab edirəm ki, bununla bağlı Azərbaycana qarşı hansısa iradların və ittihamların irəli sürülməsi üçün əsas yoxdur. Azərbaycan bütün davranışlarında beynəlxalq hüquq normalarını əsas tutur. Bu baxımdan da Avropa Parlamentinin qərarı məntiqsizdir”.
bakupost.az