Siyasət 24 Yanvar 2023, 16:40 | Baxış sayı: 152
"Avropa Parlamentinin anti - Azərbaycan mövqeyi qəbuledilməzdir"

“Avropa Parlamentinin qəbul etdiyi anti - Azərbaycan qətnaməsi birmənalı olaraq reallıqlardan uzaq, heç bir hüquqi əsası olmayan, avanturizmə, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə deyil, münaqişələrə, qarşıdurmalara yol açan bir sənəddir. Azərbaycanın guya Ermənistana hərbi təcavüz etdiyini, Laçın yolunu bağlamaqla Qarabağ ermənilərini blokadada saxladığını iddia edən qətnamə tamamilə ermənipərəst notlar üzərində bəstələnib və bilavasitə Avropa Parlamentini oyuncağa çevirən Fransanın təkidi, təşəbbüsü ilə hazırlanıb”.                                                 

 

Bunu Pravda.az-a Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputatın sözlərinə görə, b gün heç kimə sirr deyil ki, Avropa Parlamenti irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi ilə tanınır və hadisələr daha çox milli baxımdan qiymətləndirilir: “Digər tərəfdən parlament çirkab içindədir, korrupsiya yuvasına çevrilmişdir. Vitse - prezident, Yunanıstandan olan deputat Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiyada hallanması və əksər deputatların faktlara ikili standartlardan yanaşmaları, böhtan, şantaj yolu  tutmaları bunun əyani nümunəsidir. Hadisələr göstərir ki, Fransa Prezidenti Makron Avropa Parlamenti bir alətə çevirmiş və ondan öz çirkin məqsədləri üçün istifadə etməkdədir. Ermənistan isə bu prosesdə  bir oyuncaqdır. Cənubi Qafqazda üstünlük qazanmaq, Rusiyanı sıxışdırıb aradan çıxarmaq, dünyaya öz varlığını sübut etmək niyyətində olan Makron və əlaltıları dərk etmirlər ki, onların çirkin planları, avantürist əməlləri dövlətlərə və xalqlara, Qafqazda təhlükəsizliyin təmin edilməsinə, əsasən də Ermənistana yaxşı heç nə vəd etmir. Makron - Paşinyan “bacılığı” və biz birliyin ardınca gedənlərin tutduğu yol əslində yeni müharibələrə hesablanıb”.                         

 

T.Rzayev qeyd edib ki, Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü yada salmaması, 30 il işğal altında qalan torpaqların, dağıdılan şəhər və kəndlərin, tarixi, dini, mədəni abidələrin taleyini dilə gətirməməsi, illərlə yüz minlərlə qaçqın və köçkün  insanın həyatını nəzərə almaması bəşəriyyətə, beynəlxalq hüquq normalarına, parlamentizmə ən böyük xəyanətdir: “Qətnamədə humanitar fəlakətdən geniş söz açan AP əsl humanitar fəlakətin Vətən müharibəsindən sonra yaşandığını nədənsə görmür və erməni təcavüzkarları tərəfindən minalanmış sahələrdə minaya düşərək həlak olan 300 - dən çox insanın faciəsinin fərqində deyildir. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müsahibələrində, çıxışlarında, görüşlərdə haqlı olaraq bəzi parlamentlərin, siyasətçilərin,dövlət rəhbərlərinin Azərbaycan barədə səsləndirdikləri həqiqətə uyğun olmayan fikirləri, xülya reallıqlara əsaslandırılmayan sənədləri quru kağız parçası adlandırmaqla bərabər sülhə sadiqliyini bəyan etmişdir. Bildirmişdir ki, “Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sahəsində uğur qazana bilərsiniz. Azərbaycan - Ermənistan münasibətləri yalnız və yalnız Azərbaycan - Rusiya - Ermənistan dövlətlərinin rəhbərlərinin qəbul etdikləri sənədlər, bəyanatlar çərçivəsində həll edilməlidir. Bilmək lazımdır ki, Avropa İttifaqının Azərbaycan - Ermənistan sərhəddinin Ermənistan tərəfinə uzunmüddətli müşahidə missiyası göndərmək niyyətə, Avropa Parlamentinin qəbul etdiyi saxta qətnamələr sülhün təmin edilməsi deyil, əksinə Cənubi Qafqazda münaqişələrin, müharibələrin alovlandırılmasıdır. Avropanın və Qərbin, Makron kimi avantürist siyasətçilərin girovuna çevrilən Paşinyan hakimiyyəti bunu yaxşı dərk etsə də onlar öz hakimiyyətinin ömrünü uzatmaq üçün hər cür xəyanətə, çirkin əməllərə əl atır və erməni xalqını yeni bəlalara, uçuruma sürükləyirlər. Əlbəttə bu yolda itirən Azərbaycan yox Ermənistan olacaq”.

Xəbərlər