"Avropa İttifaqı Azərbaycanla əlaqələrdə maraqlıdır"
"Azərbaycanla Avropa arasında əlaqələr çox yüksəkdir. Azərbaycan hər zaman Avropa ilə əlaqələrin inkişafına xüsusi önəm verib. Cənab Prezident dəfələrlə bu məsələyə toxunub. Bu günə kimi 9 Avropa ölkəsi ilə Azərbaycan müəyyən sənədlər də imzalayıb. Yəni, strateji mütəffiqlik bizim üçün çox önəmlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, bu gün Avropa İttifaqının iştirakı ilə Qarabağla bağlı danışıqlar sürətlə davam etdirilir.
"Şarl Mişelin iştirakıyla prosesdə irəliləyişə nail olmaq üçün tərəflər davamlı olaraq müxtəlif addımlar atırlar, müəyyən işləri görməyə çalışırlar".
Millət vəkili əlavə edib ki, Avropa İttifaqının iştirakıyla bugünədək bir neçə görüş keçirilib:
"Davamlı olaraq bu görüşlər keçirilir və gələcəkdə də keçiriləcək. Bu görüşləri bir daha qeyd edirik ki, keçirilməsinin digər töhfəsi də odur ki, Azərbaycan Avropa əlaqələri daha da güclənir və inkişaf edir. Bu, Azərbaycan üçün önəmlidir.
Biz zaman-zaman Ermənistanın təxribatlar törətdiyini görürük, amma bunlara baxmayaraq hesab edirəm ki, Avropa İttifaqı bu prosesə öz töhfəsini verməyə çalışır.
Qeyd etdiyim kimi, bu eyni zamanda daha çox ikitərəfli əlaqələrimizin inkişafına da mütləq mənada öz müsbət təsirini göstərir. Yəni, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı Avropaya daşınır və Avropada geniş şəkildə istifadə olunur.
Bu gün görünən odur ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrdə maraqlıdır. Bu əlaqələrin inkişafı üçün davamlı olaraq müxtəlif addımlar atır. Azərbaycan da bu gün bu prosesə öz töhfəsini verir. Hesab edirəm ki, biz öz əlaqələrimizi qorumalıyıq".