Siyasət 19 May 2023, 15:22 | Baxış sayı: 186
"ATƏT-in Türkiyədə seçkilərlə bağlı rəyi ikili standartlar əsasında hazırlanıb"

Türkiyədə keçirilən seçkilərlə bağlı ATƏT-in qısa müddətli missiyasının açıqladığı ilkin hesabat seçkidən əvvəl başlamış və indi də davam edən Qərb mediası vasitəsi ilə mənfi rəy formalaşdırmaq cəhdinin davamıdır və gözdənsalma prosesinin mərkəzləşmiş qaydada aparıldığını göstərir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, ATƏT müşahidəçiləri ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə ediblər: “Müşahidə missiyasının rəhbəri Maykl Georg Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini”u vurğulayıblar. Seçici aktivliyinin 90 faizə yaxın olduğu seçkilərdə, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyi” demək tamamilə absurddur. Digər tərəfdən “seçki prosesinə” konkret hansı müdaxilələr olunub? Belə hallar olubsa, müxalifət niyə bu iddiaları səsləndirmir? Deməli, bi iddia da tamamilə əsassızdır. O cümlədən həmin beynəlxalq müşahidəçilər iddia edirlər ki, “toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər bəzi müxalif siyasətçilərin və partiyaların, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin və müstəqil medianın iştirakına mane olub”. Müxalifət bütün şəhərlərdə çoxminlik aksiyalar keçirdiyi və iştirakçıların sayının hətta “yüz minlərlə” olduğunu iddia etdiyi halda, ATƏT-in müşahidəçiləri hansı “toplaşmaq azadlığına məhdudiyyətdən” danışır? Seçkidə "maneə yaradılan müxalif siyasətçilər" kimlərdir? Seçkidə iştirak edən hakim və müxalif ittifaqlarda ölkədəki bütün leqal siyasi qüvvələr təmsil olunub. Terror və bölücülük siyasətinə görə siyasi səhnədən uzaqlaşdırılan və məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən şəxslər isə “müxalif siyasətçilər” yox, terrora dəstək verən cinayətkarlardır. Bir sözlə, ATƏT-in Türkiyədə seçkilərlə bağlı rəyi ikili standartlar əsasında hazırlanıb. Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, ATƏT-in seçkilərlə bağlı rəyi real seçki və səsvermə prosesinə obyektiv qiymət əsasında deyil, ikili standartlar və konyunktura əsasında hazırlanır”.

Xəbərlər