Cəmiyyət 26 Oktyabr 2023, 15:46 | Baxış sayı: 115
“Ata rektor, oğul prorektor, gəlin isə dekandır...”

Azərbaycanda özəl sektora inamın olmaması 70 illik sovet dövrünün psixoloji təsirləridir. Çünki sovet dövründən bu günə qədər hamı istəyir ki, dövlət qulluğunda işləsin və desinlər ki, filankəsin oğlu və yaxud qızı filan nazirlikdə, idarədə işləyir. Yəni bu tendensiya insanların psixologiyasından irəli gəlir”. 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. 

O, Azərbaycan ictimai rəyində özəl sektora qarşı olan inamsızlığın səbəblərindən söz açıb. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda özəl sektor sahəsində hələlik tam formalaşma getməyib: 

“Doğrudur, ölkədə çox yaxşı özəl müəssisələr, kolleclər, universitetlər, klinikalar var, lakin onlar tam formalaşmayıblar. Həm də onlar müəyyən qaydada etimadı doğrultmayıb. Hələ də bu sahədə müəyyən insanlar var ki, onlar yüksək intellektə və yüksək mütəxəssis olmağa malik deyillər. Eləcə də orada nəzarət o qədər yüksək deyil”. 

Müsahibimizin fikrincə, biz burada özəl məktəblər və ya kollecləri götürsək, görərik ki, orada işləyənlərin əksəriyyəti özəl sektor sahiblərinin qohumlarıdır: 

“Tutaq ki, universitetin rektoru atadırsa, oğlu prorektordur. Yaxud gəlini hansısa fakültədə dekandır, digəri kafedra müdiridir. İnsanlarımızın özəl sektora qarşı inamında yanlışlıq var. Onlar düşünür ki, əgər rektor buraya qohum-əqrəbasını yığıbsa, deməli, burada təhsilin səviyyəsi yüksək ola bilməz. Məsələnin mahiyyəti bundan qaynaqlanır”. 

O, iddia edib ki, bu gün rayonlardan qaçıb gələn adamların çoxu Bakıda özəl tibb müəssisələrində işləyirlər:

“Lakin özəl tibb müəssisələri, yaxud özəl universitetlərin hamısı yüksək səviyyədə deyil axı... Burada müəyyən nəzarətsizlik məsələləri və qohumbazlıq amilləri çoxdur. 

Digər tərəfdən, dövlət müəssisəsində işləyənlərin çoxu müəyyən imtiyazlarla təmin olunur və pensiyaya çıxanda yüksək pensiya alır. Ona görə də dövlət işində işləmək onlar üçün rahatdır. Yəni köhnənin aurasında qalmağın müəyyən təsirləri mövcuddur, lakin bunlar mənə elə gəlir ki, keçici bir amildir. Çünki xarici ölkələrin əksəriyyətində insanlar ən yaxşı özəl universitetlər, klinikalar, özəl xidmət sahələrini seçirlər. Hətta bu ölkələrdə dövlətlə əlaqəli olan müəssisələrə qarşı yanaşma bir o qədər də müsbət deyil. Çünki orada nəzarət yüksəkdir, özəl müəssisələrə professional mütəxəssislər yerləşdirilib. Məhz insanlara göstərilən xidmətin keyfiyyəti yüksəkdir deyə onlar da özəl sektoru seçirlər”. 

Milli Məclisin üzvü xatırladıb ki, sadalanan amillərin hamısı sovetdən qalma təfəkkürdür:

“Bir nümunə çəkim: məsələn ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Aviasiya Akademiyası ölkədə yüksək mütəxəssislər hazırlayır. O cümlədən bəzi özəl universitetlərimiz var ki, orada yüksək səviyyədə dərs keçirlər, hətta bəzən dövlət müəssisələrindən də üstündür. Amma insanlarımız özlərini göstərmək naminə deyirlər ki, mən Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə və yaxud digər dövlət universitetlərindən birində təhsil alıram. Bu təhsil müəssisələrin adının tarixi olması və insanları yetişdirməsi nədənsə insanlarımızı özünə cəlb edir ki, onlar gedib bu təhsil ocaqlarında təhsil alırlar”. 

Həmsöhbətimiz onu da əlavə edib ki, ölkədə bir çox özəl universitetdə təhsil alanların aqibəti də insanları qorxudur: 

“Yadınızdadırsa, Azərbaycan Beynəlxalq Universitetində nələr baş verdi, biz gördük. Yaxud bundan öncə minlərlə tələbə yaranmış özəl universitetləri bitirdi, ancaq diplomları tanınmadı, iş yeri tapa bilmədilər. Bu gün onların diplomarı saxta sayılır. Ona görə də ölkədə özəl universitetlərə etibar etmirlər. 

Bu psixologiya imkan vermir ki, insanlar özəl müəssisələrə daha çox getsinlər. Bu gün elə özəl müəssisələr var ki, orada əməkhaqqı yüksəkdir. Hətta özəl universitetlərdə əməkhaqqı digərlərinə nisbətən yüksəkdir, eləcə də müəyyən imtiyazlar da var ki, müəllimlər bundan istifadə edirlər. Ancaq düşüncəmizdə bununla bağlı formalaşma getməyib”. 

yenisabah.az

Xəbərlər