Siyasət 3 Avqust 2023, 16:30 | Baxış sayı: 289
“AŞPA prezidenti ermənipərəst mövqe tutur”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks ermənipərəst mövqe tutur”.

Bunu açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.

AŞPA rəhbərinin iyulun 31-də səsləndirdiyi qərəzli bəyanata münasibət bildirən deputat vurğulayıb ki, T.Koks hər dəfə sətiraltı və ya açıq formada bu mövqeyini ortaya qoyur:

“Azərbaycan Laçın yolunu humanitar daşımalara bağlamayıb, sadəcə olaraq ermənilərin terrorçu fəaliyyətini dayandırmaq üçün müəyyən addımlar atır. Bu baxımdan Koksun bəyanatı olduqca absurddur. Faktaraşdırıcı missiya Ermənistanı gəzib qayıda bilər. Maraqlıdır ki, həmin faktaraşdırıcı missiya niyə Qarabağ dağıdılanda, ermənilər torpağımızda vəhşiliklər törədəndə gəlib ərazidə azərbaycanlıların yaşadığı humanitar faciəyə qiymət vermirdi? AŞPA belə açıqlamalarla özünü daha da nüfuzdan salır, qərəzli və bütövlükdə terrorçuları dəstəkləyəcək mövqe ortaya qoyur. Çünki bu gün faktiki olaraq bölgədə erməni terrorunun dayandırılmasından söhbət gedir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan Avropa dəyərlərinin qoruyucusu kimi çıxış edir, bölgədə terrorun qarşısını alır:

“Çünki ermənilərdən başqa bölgədə terrorla məşğul olan ikinci bir dövlət yoxdur. Ermənistanın ərazisinə girən yoxdur, amma hamı onu müdafiə edir. Bu o deməkdir ki, ortada qərəzli yanaşma var. Azərbaycan isə bu cür qərəzli davranışı qəbul edə bilməz. Azərbaycanı töhmət altında saxlamaq istəyənlərə imkan verməyəcəyik”.

Xatırladaq ki, iki gün öncə Tini Koks bəyanat yayaraq iddia edib ki, Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyət pisləşib. AŞPA prezidenti bu səbəblə Assambleyanın 20 iyun tarixində Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya təşkil etmək istədiyini xatırladıb. İddia edib ki, 12 dekabr 2022-ci il tarixindən etibarən Laçın yoluna sərbəst və təhlükəsiz giriş təmin olunmur

report.az

Xəbərlər