"Artıq əyani təhsil bərpa olunursa, şənbə-bazar günlər ictimaiyyətin işinə qoyulan məhdudiyyət də götürülməlidir. Ona görə də, bu qərar yenidən baxılmalı və bu məhdudiyyət götürülməlidir”
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib ki, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.
Yeni qərarlarla bağlı azxeber.com-a Milli Məclisin deputatı Fazil Mustafa fikirlərini bildirib. Deputat verilən qərarların doğru olduğunu qeyd edib: “Bu qərarlar Operativ Qərargahın iradəsinə uyğun tənzimlənir. Çünki oradan məlumat almayınca qərar qəbul etmək də çətindir. Məncə, bu, doğru yanaşma oldu. Hər halda ölçüb-biçib lazımi qərar veriblər. Təhsil məsələsi də ən vacib məsələlərədən biridir, amma bütövlükdə əsas olan insanların sağlamlığıdır. Sağlamlığı nəzərə almadan hər hansı bir addım atmaq mümkün deyil. Ona görə də, Operativ Qərargahla müəyyən dərəcədə məsləhətləşərək addım atılıb. Amma bunun başqa alternativi yox idi. Ən doğru qərar bu idi”.
Fazil Mustafa onu da qeyd edib ki, hazırki vəziyyətdə şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi vətəndaşlara zərbə vuracaq: “Amma bir məsələni də qeyd edim, artıq əyani təhsil bərpa olunursa, şənbə-bazar günlər ictimaiyyətin işinə qoyulan məhdudiyyət də götürülməlidir. Çünki ictimai nəqliyyatın həmin günlərdə işləməməsi vətəndaşlara ciddi zərbə vuracaq. Ona görə də, bu qərar yenidən baxılmalı və bu məhdudiyyət götürülməlidir”.