Siyasət 30 Yanvar 2023, 14:23 | Baxış sayı: 107
“Artıq İrana etimaddan, etibardan və inamdan söhbət gedə bilməz”

"Bir müddət idi ki, Azərbaycan və İran dövləti arasında gərginlik davam edirdi. Son Azərbaycan səfirliyinə edilən hücum bu münasibətləri daha da gərginləşdirdi". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Deputat qeyd edib ki, son hadisə isə etibarı, inamı və etimadı tamamilə zədələdi:

"Bu da İranın daxilində uzunmüddət aparılan gərginliyin və Azərbaycan əleyhinə təbliğatın nəticəsidir. Bu gün İran mediası Azərbaycan əleyhinə təxribatlarını yenə də davam etdirir. Hadisə baş verərkən bir neçə məqam diqqətimi çəkdi. Polisin heç bir addım atmaması, terrorçunun polisə əl eləməsi, polisin buna heç bir reaksiya verməməsi, sonrakı mərhələdə isə İranın bunu məişət zəminində olan bir hadisə kimi əlaqələndirdi. Halbuki, hamımıza bunun səbəbləri məlum idi. Bildiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini  tamamilə dayandırdı. Buna səbəb isə İrana artıq etimadın və inamın olmamasıdır. Artıq etimaddan, etibardan və inamdan söhbət gedə bilməz, çünki bu inamı, etibarı İran zədələdi. Azərbaycan uzunmüddət İranla münasibətlərin qorunmasına, möhkəmlənməsinə çalışdı. İran isə Azərbaycan əleyhinə təxribatlarını davam etdirdi.  Azərbaycan İrana dəfələrlə dostluq təklif etdi, münasibətlərin qorunmasına çalışdı. Amma İran tamamilə fərqli yanaşmanı və mövqeyi nümayiş etdirdi. Ona görə münasibətlər bu qədər gərginləşdi. Ümid edək ki, İran bundan sonra Azərbaycan əleyhinə təbliğatlara təxribatlara son qoyacaq".

Xəbərlər