Siyasət 21 Sentyabr 2023, 15:32 | Baxış sayı: 129
"Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı"

"Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı".

Bunu açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra növbəti qələbəsini qazandı: “Antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı. Azərbaycan Ordusu bu dəfə də humanist və ədalətli yanaşma ilə mülki əhalini hədəfə almadı. Çünki əvvəlcədən də bəyan edildiyi kimi, bizim məqsədimiz yalnız qanunsuz hərbi birləşmələri məhv etmək idi. Separatçılar 44 günlük müharibə başa çatdıqdan sonra silahlanaraq revanşist meyillərlə yaşayırdı. Məhz bu destruktivlik sülhün uzanmasına səbəb oldu”.

Milli Məclisin üzvü xatırladıb ki, hər gün sülhün gecikməsi Ermənistanın, xunta rejiminin əleyhinə işləyirdi: “Bunu Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri bir daha təsdiqlədi. Rəsmi Bakı dəfələrlə xəbərdar etdi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın öhdəliklərini dəfələrlə Ermənistana xatırlatdı. Erməniəsilli əhali dialoqa dəvət olundu. Amma onlar bunu qəbul etmədilər. Antiterror tədbirləri göstərdi ki, regionda söz sahibi Azərbaycandır. Erməniəsilli əhalini xunta rejiminin əsarətindən xilas edən isə Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri oldu”.

Könül Nurullayeva

Könül Nurullayeva

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin ötən gün xalqa müraciəti zamanı söylədiyi kimi, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür: “Çünki kriminal xunta rejimi təslim olandan sonra artıq bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Qarabağda yaşayan sadə insanlar yaranmış tarixi şansı doğru dəyərləndirməlidirlər. Separatizmin başının əzilməsi ilə artıq dayanıqlı sülhü təmin etmək mümkün olacaq. Ermənistan bundan sonra alət rolunda çıxış etməkdən əl çəkməlidir. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlığı haqqında düşünməli və bu istiqamətdə praktik addımlar atmalıdır”.

report.az

 

Xəbərlər