Siyasət 17 Mart 2023, 13:32 | Baxış sayı: 184
"Ankarada TDT Fövqəladə Zirvə görüşü Türk dünyasının bir-birinə dayağının nümunəsidir"

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş tutması Türk dünyasının bir-birinə olan dayağının əsl nümunəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov bildirib ki, görüşdə iştirak edən ölkə başçıları zəlzələlərdən sonra bərpa və yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəylik ifadə ediblər: “Hazırda bütün Türk dünyası qardaş ölkə üçün səfərbər olub, Türkiyəni düşdüyü bu vəziyyətdən çıxara bilər. Bu dostluq görüşü ümumilikdə bütün Türk dünyasının güclənməsinə böyük dəstək və təkanverici qüvvədir. Hazırda türk ölkələri sürətlə inkişaf edir, bu dövlətlər güclərini birləşdirsə, böyük güc və aparıcı rola malik olacaqlar. Azərbaycan hərtərəfli inkişaf edən, gündən-günə iqtisadi cəhətdən daha da güclənən, nəhəng Türk dünyasının mərkəzində geostrateji bir məkandır. Bütün bu güc və yüksəlişimiz ilk növbədə Türk dünyasının tərəqqisinə xidmət edir. Prezidentin bu sahədəki siyasəti daima türk dövlətlərinin əlaqələrinin inkişafına, əlaqələrin davamlılığı və möhkəmliyinə xidmət edib. Türk Dövlətləri Təşkilatı zəlzələ bölgəsində quruculuq və bərpa işlərinin gedişinə öz töhfəsini verəcək. Azərbaycan hər zaman bütün Türk dünyasının birləşməsi, bir olması üçün çalışıb. Düşünürəm ki, bu gün böyük bir ailənin şaxələnən qolları olan ümumdünya türkləri vahid bir nöqtədə birləşərək möhtəşəm qələbələr əldə edəcək”.

Xəbərlər