“Anar müəllim olmasın, digər müəllim olsun, öz sürücüsünə ev verirsə, bu, müsbət qiymətləndirilməlidir”
Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Tahir Rzayev Birliyin 21 üzvünə mənzil verilməsi, ev alanlar arasında AYB sədri Anarın sürücüsünün də olması barədə iddiaların müzakirə yaratmasına münasibət bildirib.
T.Rzayev açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyinin hər hansı sahəsində çalışan insana ev verilirsə, deməli, ona da diqqət göstərilməsi vacibdir:
“Bu şəxs istər yazar olsun, istər sürücü, istər xadimə, istərsə də texniki işçi. Hamısı AYB-nin işçisidir. Onlar da yazıçılara xidmət edirlər, onların qayğıları ilə məşğul olurlar. Sürücü də bir insandır. Əlbəttə ki, o da evlə təmin olunmalıdır. Bunun nəyi pisdir ki? Belə müzakirələri əsassız hesab edirəm. Anar müəllim olmasın, digər müəllim olsun. Öz sürücüsünə ev verirsə, bu, müsbət qiymətləndirilməlidir. Çünki sürücünün də balası var, ona qayğı, diqqət lazımdır. Sürücü bütün gün AYB-də olur, müəyyən məsələlərin həllində, bəzi işlərin görülməsində yaxından iştirak edir. Buna görə də belə müzakirələr açmaq, faktları şişirmək, onu yazıçıların adına yazmaq, AYB-nin ünvanına müəyyən mənfi fikirlər söyləmək yolverilməzdir”.
T.Rzayev bildirib ki, yazıçılara mənzillərin verilməsi müsbət hal kimi qiymətləndirilməlidir: “Bu, hər birimizin ürəyindəndir. Çünki bu sahədə çalışanlar bir çox əzab-əziyyətlərə qatlanırlar, gecələr yuxusuz qalırlar, insanların düşüncələrini, arzu və fikirlərini dilə gətirirlər. Bədii əsərlər, poeziya nümunələri yaradırlar. Bilavasitə insanların mənəviyyatlarının zənginləşməsinə xidmət edirlər. Buna görə də yazıçılara mənzil verilməsinin, onların rahatlıqlarının təmin olunmasının tərəfdarıyam. Anar müəllimin bu sahədəki təşəbbüsünü, onun qayğısını yüksək qiymətləndirirəm. Ancaq nədənsə yazıçılara qayğı, diqqət göstəriləndə böyük sensasiyaya səbəb olur. Bu, məni çox təəccübləndirir. Əslində insanlar buna sevinməlidirlər”.
pravda.az