“Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir uğurlu səhifədir və gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Tahir Rzayev bildirib.
“Prezidentimizin Almaniya Federativ Respublikasının Prezidenti Frank - Valter Steinmeyerlə keçirilən geniş tərkibdə görüşdə səsləndirdiyi fikirlər bilavasitə dövlətimizin milli maraqlarına, sülhə, əminamanlığa, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına, əlbəttə Ermənistanla münasibətlərin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan - Ermənistan münasibətləri bu görüşlərin də əsas mövzusu idi. Dövlətimizin rəhbəri çıxışlarında bir daha sülhə sadiqliyini ifadə etdi və bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir. Almaniya Prezidenti isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirmişdir. Cənab İlham Əliyev Ermənistan torpaqlarının işğalı, Laçın dəhlizinin bağlanması, yeni müharibəyə hazırlıq barədə Ermənistan rəhbərlərinin, siyasi dairələrinin söylədikləri fikirlərin heç bir reallıqlara əsaslanmadığını qeyd etməklə, separatizmin bütün forma və təzahürlərinin qəbuledilməz olduğunu bildirmiş, Ermənistanı bu yoldan çəkinməyə səsləmişdir. Prezidentimiz üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə gizli yolla Qarabağa silah, sursat daşıdığını qeyd etmiş, əhalinin revanş götürməyə vadar edildiyini, silahlandırıldığını bildirmişdir. Ölkəmizin başçısının Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts, bu ölkənin aparıcı şirkətlərinin rəhbəri ilə görüşlərində Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, ölkələr arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə dəstəyi yüksək qiymətləndirilmiş, gələcək əlaqələrin perspektivləri diqqət mərkəzində olmuşdur. Almaniyanın aparıcı şirkətləri ilə görüşdə cənab İlham Əliyev bildirmişdir ki, “son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər”. Görüşlərdəki çıxışlardan aydın olmuşdur ki, alman şirkətləri Azərbaycanla əməkdaşlığı maraqlıdırlar. Bu səfər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla, iqtisadiyyatın inkişafına, dünyada sülhün, əminamanlığın bərpa edilməsinə bir töhfədir”, - T.Rzayev qeyd edib.