Cəmiyyət 9 Avqust 2021, 15:14 | Baxış sayı: 303
"Ailə həkimi haqqında qanunun gündəliyə salınması və Reproduktiv sağlamlıq haqqında qanunun yenidən müzakirəsini təmin etməliyik".

Deputat Məlahət İbrahimqızı Modern.az-a müsahibə verib. 

O komitə iclaslarında iki əsas qanun layihəsinin müzakirəyə çıxarılmasını vacib hesab edir:

"Düşünürəm ki, payız sessiyasında Səhiyyə komitəsinin xətti ilə Ailə həkimi haqqında qanunun gündəliyə salınması və Reproduktiv sağlamlıq haqqında qanunun yenidən müzakirəsini təmin etməliyik.
Payız sessiyası bütün parlamentlərdə ağır sessiya sayılır. Çünki bu sessiyada büdcə müzakirəsi olur, iclasların çoxu buna həsr edilir. Ona görə də yaz sessiyası ilə müqayisədə payız sessiyasının vaxtı digər qanunlar üçün məhdud olur. Buna baxmayaraq, hesab edirəm ki, işçi qrup, ekspertlər və komitə iclasları səviyyəsində bu iki qanunun müzakirəsi vacibdir".

Məlahət İbrahimqızının fikrincə, icbari tibbi sığortanın tətbiqi fonunda həyata keçirilən səhiyyə islahatlarını ailə həkiminin təsis edilməsi ilə davam etdirmək önəmlidir:

"Dünyanın inkişaf etmiş ölkələrində artıq bu mexanizm mövcuddur. Bizdə Sovet səhiyyə sistemindən qalan sahə həkimləri fəaliyyət göstərir, amma bu həkimlər ailə həkiminin 60-70 faizini ancaq təmin edə bilirlər. Bütün bunları nəzərə alaraq, sağlam ailə və vətəndaşlar üçün ailə həkimi və reproduktiv sağlamlıq haqqında qanunların gündəmə gəlməsi vacibdir. Komitə üzvləri olaraq hər iki qanun haqqında təkliflərimizi səsləndirəcəyik".

Xəbərlər