Plenar iclaslar 2 May 2023, 13:14 | Baxış sayı: 105
"Aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır"

"Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar Sumqayıtda məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Sumqayıt idman məktəbində məşqçinin törətdiyi hadisəyə xüsusi yanaşma olmalıdır: “Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi idman məktəblərində nəzarəti gücləndirməlidir. İdman məktəblərindən müəllimlərlə profilaktik söhbətlər aparılmalıdır. Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Buradan uşaqlara demək istəyirəm ki, əgər siz də məşq zamanı pis rəftarla üzləşsəniz mütləq 102-yə zəng edərək polisə məlumat verin”.

Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Xəbərlər