“Ağlı başında olan şəxs istəməz ki, Bəxtiyar Hacıyev kimi adam onu reklam etsin…”
Milli Məclisin deputatı Tahir Rzayev həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Fövqəladə Hallar Nazirliyi ilə bağlı sosial şəbəkədə yayılan audio yazısına münasibət bildirib.
Milli Məclisin deputatı Tahir Rzayev Pravda.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə elə məsələlər şərh olunur, heç bir əhəmiyyəti yoxdur: “İntriqa, adamları qarşı-qarşıya qoymaq, nazirlər arasında müəyyən münasibətləri pozmaq dövlətçiliyə zidd olan məsələlərdir. Kəmaləddin Heydərovu hər kəs tanıyır. Uzun müddətdir, işləyir, nazirdir. Onun ölkə üçün gördüyü işlər də göz önünündədir. Əlbəttə, heç birimizin səlahiyyətində deyil ki, böyük kadr məsələləri haqqında xırda mənbələrə söykənərək fikir bildirək. Dövlət naziridirlər, böyük postdur. Bəxtiyar Hacıyev kimi bir adam yüzlərlə insan haqqında fikir söyləyib. Mənfi fikirlər deyir, şantaj edir, kiməsə yarınmaq, yaxud kiməsə pislik etmək üçün öz fikirləri var. Bunu dövlətin, dövlət nazirlərinin ünvanına yazmaq, ümumiyyətlə, yolverilməzdir. Vüsalə Mahirqızı informasiya şəbəkəsinə rəhbərlik edir, Bəxtiyar Hacıyevlə arasında hansısa xoşagəlməz hal, münasibət varsa, öz şəxsi işləridir. Bizim buna fikir bildirməyimiz də düzgün deyil. Fikir mübadilələri ola bilər, amma daxili işlər, fövqəladə hallar orqanlarımız bu gün dövlətə xidmətə edən orqanlardır. Bunların rəhbərlərini bir avantüristin sözü ilə qarşı-qarşıya qoymaq, fikir bildirmək düzgün deyil. Fikir bildirənlər düzgün yol tutmayıblar, əldə əsaslı faktlar olmalıdır. Bu adamlar insanlarımızı hörmətdən salmaq istəyirlər. Bəxtiyar Hacıyevin tutduğu yol hamıya məlumdur. Hamı bilir, o qədər adamlara şər-böhtan atır, yalan yağdırırlar ki, adam çıxılmaz vəziyyətdə qalır. Haradansa xəbəri, səsi oğurlayıb gətirirlər ki, budur, yalandan reklam edirlər. Bu gün nazirlərimizin reklama, Bəxtiyar Hacıyev kimi adamlar tərəfindən reklam olunmağa ehtiyacları yoxdur. Çünki onların fəaliyyətini ölkə rəhbəri qiymətləndirir. Ağlı başında olan adam istəməz ki, Bəxtiyar Hacıyev kimi adam onu reklam etsin. Gərəksiz adamın reklamı kimə lazımdır? Reklamı o adam edər ki, yüksək nüfuzu, dövlət adamları, cəmiyyət arasında böyük hörməti var. Yoxsa yalan, böhtan yazan adamın reklamı kimə lazımdır? O reklam qəbul olunan deyil. Belə uydurmalara çox pis baxıram. İstəmərəm ki, bu cür hallar tez-tez təkrar olunsun”.
Tahir Rzayev deyib ki, məlum yazışmalarda dövlət, xalq əleyhinə ciddi amillər varsa, istintaq aydınlaşdırmalıdır: “Yoxsa kimsə cəhd edir ki, filankəs yaxşıdır, onun haqqında bir yazı yaz, filan müsbət məsələni qabartmaq lazımdır... Burada nə var ki? Məncə, elə də ciddi məsələ yoxdur. Axı hamı bir-birini tanıyır. Bəxtiyar Hacıyev kimi adamlar kimisə reklam da edə bilərlər, yeri gələndə dövləti sata da bilərlər. Bunlar normal, stabil adamlar deyillər, “sürüşkən” adamlardırlar. Kimdənsə yaxşılıq görürlərsə, başlayırlar onu təbliğ etməyə, haqqında yazmağa. Kimdən xoşları gəlmirsə, onu elə donda şərh edirlər ki, adam dəhşətə gəlir. Bizim haqqımızda elə şeylər yazırlar ki, məəttəl qalırsan. Kimsə sifariş verir... Bizi də istəyən, istəməyən adamlar var. Deyə bilərlər ki, Tahir Rzayev haqqında mənfi fikir söylə, yaxud əksinə. Eyni məsələlərdir…”