Cəmiyyət 14 İyun 2022, 16:38 | Baxış sayı: 223
"AFFA-dakı dəyişikliklərin nəticə verəcəyinə inanıram".

“Minifutbol üzrə Azərbaycan milli komandasının tarixi uğura imza ataraq Avropa çempionu olmasına həqiqətən çox sevindik və qürurlandıq. Düşünürəm ki, bu qələbə bir daha göstərdi ki, legionerlərlə deyil, öz yerli futbolçularımızla daha çox uğur qazana bilərik. O da məlumdur ki, minifutbol yığmamızın demək olar ki, 90 faizi peşəkar futbolçulardır və yarıya qədəri AFFA-nın bayrağı altında keçirilən yarışlarda, Azərbaycan premyer liqasında və 1-ci divizionda çıxış ediblər. Komandamızın baş məşqçisi də əcnəbi deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, komandanın bütün oyunçularının, eləcə də çalışdırıcıların azərbaycanlı olması hər kəsi daha çox qürurlandırıb və sevindirib: “Futbol üzrə Azərbaycanın əsas milli komandasına yüksək vəsaitlər xərclənib, milliləşdirmə siyasəti həyata keçirilib, yüksək məvacib verilən baş məşqçilər gətirilsə də, əsas yığmamız uzun illərdir ki, belə uğurlu nəticə verə bilmir. Bu məsələdə xüsusilə uşaq furbolunun inkişafına diqqət ayrılmasının tərəfdarıyam. Biz bu amilin üzərində ciddi dayansaq, gələcəkdə istedadlı, peşəkar səviyyədə yerli futbolçuları yetişdirməklə minifutbolçularımızın uğurlarını digər futbol yığmalarımızda da təkrarlaya bilərik. Ümid edirəm ki, tezliklə futbol üzrə milli komandalarımızın da böyük nailiyyətlərə imza atacağını görəcəyik, çünki AFFA-da bir sıra dəyişikliklər olub və hələ də bu istiqamətdə işlər davam edir. Bunların da yaxın gələcəkdə öz nəticəsini verəcəyinə inanıram”.

Xəbərlər