Cəmiyyət 19 May 2023, 17:59 | Baxış sayı: 124
“Aclıq aksiyası məhkəmənin hökmünə, istintaqın gedişinə heç bir təsir göstərə bilməz”

“Bir insanın 100 gündən artıq ac qalması çətin prosesdir. Bu, əsasən insanın yaşından, fiziki sağlamlığından, onun durumundan çox asılıdır. Aclıqla bərabər bu qədər müddət susuz qalmaq da mümkün deyil. Eşitmişik ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayev əvvəllər də iki il məhbus həyatı yaşayıb. İndiki vəziyyətdə məhkəmənin hökmünə, istintaqın gedişinə heç bir təsir göstərilə bilməz. Əsas məsələ qanundur. Məhkəmə qanunauyğun şəkildə hökm verir, kimsə bununla razılaşmaya bilər. Digər hüquqi yollar, Apellyasiya və ondan da yuxarı instansiyalar var. Əlbəttə ki, demokratik ölkə olduğumuz üçün hər bir vətəndaş sadaladığımız hüquqlarından istifadə edə bilər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kömitəsinin üzvü Vüqar İskəndərov AXCP üzvü Əlizamin Salayevin həbsdə 100 gündən artıqdır, aclıq aksiyası keçirməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

 

“Ölkəmizdə radikal müxalifət üzvləri adi məişət zəminində törətdiyi cinayətə görə həbs ediləndə, diqqəti cəlb etmək üçün bu həbsi də siyasi həbsmiş kimi qələmə verir, haray-həşir salır. Belə hadisələr zaman-zaman olub və bununla bağlı fikirlər söylənilib. Ölkəmizdə insanların hüquq və azadlıqları dövlət tərəfindən qorunur. Hər bir insan hüquq, qanun qarşısında bərabərdir, cavabdehdir. Bir insan cinayət törətdikdə onun hansı siyasi partiyanın üzvü olması əhəmiyyət daşımır. Əsas məsələ cinayətin motivi, hüququn həmin cinayətlə bağlı işləməsidir. Aclıq aksiyası indiyə qədər dəfələrlə belə insanlar tərəfindən keçirilib. Bu, bir aksiya kimi geniş yayılmış tendensiyadır”, - deputat bildirib.

Xəbərlər