"ABŞ-yə qarşı hər hansı qanunun qəbul olunması məqamı çatacaqsa, Milli Məclis lazımi addımları atacaq"
“Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi, hər gün durmadan artan nüfuzu, cənab Prezidentin xarici siyasətdəki uğurlu gedişləri bir çoxlarının kürkünə birə salıb. Təəssüf ki, bunlardan ən öndə gedəni məhz ABŞ-dır. Həmin ABŞ ki özü demokratiyadan, insan haqq və hüquqlarından, fikir azadlığından, plüralizmdən danışmasına baxmayaraq, əməldə tamamilə başqa işlər görür. Çox təəssüf ki, ABŞ-nin xarici siyasətində əsas məsələlərdən birini Afrikada, Asiyada, Cənubi Amerikada, hətta Avropanın bir çox dövlətlərində siyasi hakimiyyətin dəyişdirilməsi, onun sözəbaxan quruluşa gətirilməsi tutur. Bu dövlət zaman-zaman Azərbaycanla da bağlı çox qərəzli qətnamələr, qanunlar qəbul edib, öz tərkibində kifayət qədər erməni lobbisi formalaşdırıb, onlara dəstək verib”.
Bu sözləri açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ABŞ 30 illik münaqişə dövründə ATƏT-in Minsk Qrupunun həmsədri kimi də çox uğursuz fəaliyyət göstərib: “Belə ki, fəaliyyətinin əsas qayəsində Azərbaycanı minimum münaqişəni dondurmaq, ermənilərə hər hansı “status”un verilməsinə çalışmaq dayanıb. Zaman-zaman Azərbaycan çox vacib məqamlarda müqavimət göstərib və bir çox məsələlərdən qalib çıxıb. Vətən müharibəsindəki qələbəmiz də dediklərimizə bariz nümunədir. Azərbaycan bu gücləri nəzərə almadan, onların hansısa fikir, tövsiyyələrini eşitmədən beynəxalq hüquqa, öz gücünə, xalqın birliyinə, Ordusunun qətiyyətinə arxalanaraq Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbəsini qazandı. Bu gün açıq-aydın görünür ki, ABŞ bu məsələnin sülh ilə yekunlaşmasına “tormoz” etməyə çalışır. Erməni lobbisinin təsiri altında olan konqresmenlər, senatorlar çox ədalətsiz şəkildə, hətta vicdansızcasına Azərbaycanın daxili işlərinə müdaxilə edirlər, anklavdan danışırlar, mövcud olmayan xalq ifadəsi işlədirlər. Bu siyasi proseslər və ABŞ-nin özünü tənzimləyici obrazda göstərərək belə hərəkətlər etməsi heç bir qanuna sığmır və açıq-aydın Azərbaycana hörmətsizlikdir”.
V.İskəndərov Milli Məclis tərəfindən ABŞ-yə qarşı lazımi addımların atıla biləcəyinə də diqqət çəkib: “Düşünürük ki, ABŞ-nin bugünkü fəaliyyəti qəbuledilməzdir, sülh danışıqlarına gedən yolda mövqeyi anlaşılmazdır. Bir yandan Vaşinqtonda sülh müqaviləsinin imzanlanması, bölgəyə daimi sülhün gəlməsi üçün addım atmaqdan danışan bu ölkə digər yandan dırnaqarası fəaliyyətlərlə məşğuldur. Əlbəttə ki, Azərbaycan tərəfi də - Xarici İşlər Nazirliyi, rəsmi Bakı lazımi addımları atır və atmaqdadır. Azərbaycan parlamenti onsuz da bütün dövlətlərə parlament işçi qruplarının adından məktublar göndərir. Dünya parlamentlərinə Azərbaycan tərəfindən müraciətlər olunur. Vəziyyətin hansı yöndə olması, ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin kimin tərəfində dayanması açıq-aydın bütün dövlət parlamentlərinə çatdırılır. Milli Məclisin spikeri də beynəlxalq səfərlərində, bəyanatlarında dövlətin rəsmi mövqeyini çatdırır, onu qətiyyətlə müdafiə edir, Ermənistan siyasətinin çirkinliklərini bütün dünyaya bəyan edir. Bütün deputatlar da bu sahədə hal-hazırda çalışırlar. Lazım olacaqsa, parlament qətiyyətlə ABŞ-nin bu siyasətinə etiraz edəcək. Hər hansı bəyanatın, qanunun qəbul olunması məqamı çatacaqsa, təbii ki, Milli Məclis milli maraqlarımızı üstün tutaraq lazımi addımları atacaq”.
pravda.az