Siyasət 4 Dekabr 2023, 17:46 | Baxış sayı: 138
“ABŞ-yə aid “McDonald`s” kimi restoranlar şəbəkəsinin fəaliyyətinə məhdudiyyət qoyulmalıdır”

Əlbəttə ki, ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən  təşkilatlarının fəaliyyəti məhdudlaşdırılmalı, o cümlədən USAID Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Onun fəaliyyətinə imkan verilməməlidir. ABŞ-yə aid Bakıda “McDonald`s” kimi bir çox restoranlar, iaşə obyektləri, xidmət sahələri var. Onların da fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Bizimlə qardaş olmayan dövlətlər, Azərbaycanın haqq-ədalət yolunu dəstəkləməyən, əksinə, haqq-ədalətə kölgə salan dövlətlərin Azərbaycandan faydalanmasına imkan verilməməlidir. Çünki uzun müddət bu dövlətlər Azərbaycan əleyhinə işləyiblər, 30 il torpaqları işğal altında qalan Azərbaycanın haqlı səsini eşitməyiblər, əksinə, Azərbaycanı "işğalçı" dövlət kimi qələmə veriblər. Azərbaycana qarşı olan dövlətlərin Bakıda fəaliyyət göstərən təşkilatları da Qarabağ məsələlərində, xüsusən Vətən müharibəsi dönəmində yanlış mövqedən çıxış ediblər”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.



Deputat bildirib ki, ABŞ yaratdığı beynəlxalq təşkilatların, eləcə də USAID-nin xətti ilə Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə təxribat törətmək, insanları qarşı-qarşıya qoymaq, rəngli inqilablar həyata keçirmək fikrində olub: “Məqsədini bu gün də davam etdirir. Son illərin hadisələri göstərir ki, USAID ABŞ-nin milli təhlükəsizlik orqanları ilə əlaqəlidir və bilavasitə onların tapşırıqlarını icra edir. Gürcüstanda dövlət çevrilişinə cəhd, orada USAID-nin möhkəmlənməsi deməyə imkan verir ki, müstəqil dövlətlərdə bu təşkilat yalnız təxribat, çevriliş məqsədi güdür. Çox yaxşı haldır ki, Azərbaycanda bu, baş verməyib, təşkilat dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Buna baxmayraq, USAID Azərbaycanda da mənfur məqsədlərini həyata keçirməyə təşəbbüs göstərib. Aparılan araşdırmalar sübut edir ki, Azərabycanda REAL, Nida kimi fəaliyyət göstərən təşkilatlar bilavasitə USAID-nin maliyyə dəstəyinə arxalanıblar, xoşagəlməz mitinqlər, yürüşlər, icazə verilməmiş toplantılar təşkil ediblər. USAID-nin məqsədi guya humanitar yardım göstərmək, ölkələrdə demokratik inkişafa dəstək vermək olsa da, əslində o, öz fəaliyyətini ancaq təxribata, qarşıdurmalara, yeni çevriliş ocaqları yaratmağa yönəldib. Bu təşkilata ABŞ tərəfindən hər il külli miqdarda dövlət vəsaiti ayrılır. Amerikanın məkrli siyasətini bu gün hər bir Azərbaycan vətəndaşı görür və nəticə çıxarmaqdadır. Çünki ABŞ, Qərb və onların yaratdıqları beynəlxalq təşkilatlar demokratiya pərdəsi altında müstəqil dövlətlərin inkişafı, tərəqqisi, xalqların xoşbəxtliyi üçün deyil, öz şəxsi məqsədləri üçün çalışırlar. Bu günlərdə “Abzas Media”nın  əməkdaşlarının həbs edilməsi faktdır ki, onlar da USAID-dən xeyli miqdarda maliyyə vəsaitləri alıblar. Bu vəsaitin əsas hissəsi isə bilavasitə Azərbaycan dövlətinin, xalqının imicinə ziyan vurmağa, ailələrin milli dəyərlərini sarsıtmağa, ölkədə demokratiya adı altında anti-demokratik hərakatın baş qaldırmasına istiqamətləndirilib. Sözsüz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Qərbin, ABŞ-nin bu məkrli siyasətini dəfələrlə tənqid edib. Bu fəaliyyətin dünyada sülhə, əmin-amanlığa, insan haqlarına, mətbuat, söz azadlığına yox, ancaq anti-demokratik əməllərə hesablandığını qeyd edib. Əlbəttə, bu gün Azərbaycan xalqı ABŞ-nin yürütdüyü siyasətə qarşı çıxır və son dövrlərdə onun siyasəti kəskin pislənir. Cənab Prezidentin və Azərbaycan xalqının tutduğu mövqe beynəlxalq hüququn normalarına, milli maraqlarımıza tam uyğundur. Bu mövqe Azərbaycanın gələcəyi üçün əhəmiyyət kəsb edir”.

pravda.az

Xəbərlər