Siyasət 21 Noyabr 2023, 7:29 | Baxış sayı: 130
"ABŞ siyasi oyunbazlıq edir"

ABŞ Konqresinin 907 - ci düzəlişi ölkəmizə qarşı ədalətsizliyin ifadəsi olmaqla bərabər, həm də özünü demokratik adlandıran bu dövlətin antidemokratikliyindən, təcavüzkarlara dəstəyindən, çirkin məqsədlərindən xəbər verir.  

Noyabrın 15 - də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr və Azərbaycanın əleyhinə səsləndirilən böhtan xarakterli ifadələr bunu deməyə əsas verir.                  

 Bu gün Amerika Azərbaycanın inkişafını, beynəlxalq aləmdə artan nüfuzunu və zəfərini qəbul edə bilmir. Halbuki əldə olunan uğurlar beynəlxalq hüququn normalarına, dövlətimizin haqlı mövqeyinə, ədalətli mübarizəsinə əsaslanmış və həyata keçirilmişdir.                                            

Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT - in Minsk Qrupunun həmsədri kimi Azərbaycan həqiqətlərinə, torpaqlarımızın 30 il düşmən tapdağı altında qalmasına, bir milyon insanın öz ata - baba torpaqlarından zorla qovulmasına, yüz minlərlə insanın öldürülməsinə, şikəst edilməsinə, əsir götürülməsinə, incidilməsinə həmişə biganə olmuş, Təhlükəsizlik Şurasının dörd mühüm qətnaməsinin yerinə yetirilməsinə heç bir təşəbbüs göstərməmişdir. 

 Əksinə 1992 - ci ildə konqres tərəfindən qəbul edilən Azadlığa Dəstək Aktı qanunun 907 bölməsinə edilən düzəlişə əsasən ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsi qadağan olunmuş, torpaqlarımızı işğal edən Ermənistana isə maliyə yardımı ayrılmışdır. Əlbəttə bu Azadlığa Dəstək Aktı yox, faşizmə, təcavüzkara dəstək aktı idi və işğala məruz qalan ölkəmizin haqlı mövqeyinin tapdalanması idi.                    

ABŞ dünən həyata keçirdiyi məkrli məqsədini  bu gün də davam etdirir. Suverenliyini bərpa edən, torpaqlarını azğın düşməndən qurtaran, haqqını alan, ədalətsizliyə son qoyan dövlətimizə qarşı yönələn təqiblər, təsirlər, yalan bəyanatlar, dinləmələr Amerikanın rəsmi dairələrinin sülhə, əminamanlığa, təhlükəsizliyə yox, müharibələr törətməyə, xalqları əsarət altına almağa xidmət etdiklərini göstərir.                          
ABŞ Senatının noyabrın 15 - də qəbul etdiyi “Ermənistanı müdafiə aktı” da tamamilə anti - Azərbaycan mahiyyəti daşıyır. Ermənistanın Azərbaycandan qorunması və Amerikanın bundan narahatlığı gülünc görünür. Bu sənəd əslindəErmənistanın silahlandırılmasını nəzərdə tutur. Vaşinqiton erməni təcavüzkarlarını yaşatmaq və silahlandırmaq üçün ciddi cəhdlər göstərir. Bu Cənubi Qafqazda sülhə təhdid və müharibəyə rəvac verməkidir.
 
ABŞ və Avropanın bəzi ölkələri, Fransa, Almaniya bilməlidilər ki, Cənubi Qafqazda onlara yer yoxdur. Ermənistanın əli ilə istədiklərinə nail ola bilməyəcəklər. Əksinə bu ölkələr, parlamentlər saxta, heç bir hüquqi əsası və təsir qüvvəsi olmayan qətnamələr, qərarlar qəbul etməklə, bəyanatlar verməklə Ermənistanı məhvə yönəldirlər, ona hərbi və maddi yardım göstərməklə təcavüzkarı müharibəyə qızışdırırlar. Ancaq bütün hallarda Azərbaycan Prezidenti, ordumuz və xalqımız düşmənlərimizə layiqli cavab verməyə qadirdir və yeri gələndə bu cavab veriləcəkdir.                                   

 Erməni lobbisinin quluna çevrilmək isə ABŞ - ın siyasi imicinə, dövlətçilik təməlinə, beynəlxalq nüfuzuna çox böyük zərbə vuracaq və vurmaqdadır.       

demokrat.az

Xəbərlər