"ABŞ bir daha separatizmi dəstəkləməyə meyillidir".
“Məlum məsələdir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Çin üçün arzuolunan deyil. Bundan öncə, Çin və ABŞ rəhbərliyi arasında belə bir danışıq olmuşdu ki, səfər baş tutarsa, gərgin vəziyyəti daha da alovlandıracaq. Tayvan ciddi cəhdlə Çindən ayrılmağa can atır. Çin isə ərazi bütövlüyünü, suverenliyi ortaya qoyaraq Tayvanın separatizmlə məşğul olduğunu göstərir. Artıq Tayvanın ətrafında Çin hərbi hava və dəniz qüvvələrinin müəyyən hərbi təlimlər keçirməsi haqqında qərarlar qəbul olunur. Hər hansı bir separatçı addımın dağıdılması ilə bağlı qərarlar qəbul edilməsi üçün də bir zəmin hazırlanır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, ABŞ birmənalı şəkildə Tayvanı dəstəkləyir: “ABŞ hər bir millətin öz müqəddəratının həlli prinsipindən çıxış etməyi bəhanə gətirərək məhz daxili işlərə qarışır. Bu çıxışlara baxmayaraq, Nensi Pelosinin səfəri baş tutdu. Tayvanda onu qarşıladılar, bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Məsələn, Rusiyanın mövqeyi belədir ki, məhz bununla ABŞ bir daha separatizmi dəstəkləməyə meyillidir və onun öz ciddi maraqları var ki, Çinə qarşı Tayvandan istifadə etsin. Təbii ki, Çin də dinc durmayacaq. Düşünürəm, elə bir ciddi qarşıdurma yaranmasa da, danışıqlar masasında müəyyən prinsiplərə riayət etməklə bağlı addımlar atılmalıdır. Əks halda, bu, çox mühüm problemlərə gətirib çıxarar. Çox dərinliyə baxanda Çinlə Rusiya arasında müəyyən separatçı danışıqlar, eyni zamanda tətbiq olunmuş sanksiyalara qarşı olaraq Çinin Rusiyanı partnyor seçməsi məsələsi də gündəmdədir. Buna görə ABŞ nəyin bahasına olursa olsun, bu vəziyyətdən də istifadə edərək Rusiyanı Çinin vasitəsilə bir daha gündəmdə saxlamağa çalışır. Düşünmürəm ki, Çin ABŞ-la münasibətlərini pozacaq və ya Çinin qüvvələri bu gün Tayvana girərək hərbi yolla nəyəsə nail olacaq”.
A.Nağıyev deyib ki, Pelosinin səfəri dövlət səviyyəsində razılaşdırılmış məsələdir: “Bu, ABŞ-ın birbaşa öz mövqeyidir. Prezidentin dəstəyi olmasa, bu səfər baş tuta bilməzdi. Ona görə də bu, artıq dövlətlərarası gərginlikdir. Rusiya faktoru da burda istisna deyil”.