"3500-ə yaxın məzun diplomlarının tanınmaması səbəbindən əziyyət çəkir".
Məlum olduğu kimi, Bakı İslam Universitetini bitirmiş təxminən 3500 məzunun diplomları tanınmır. Nəticədə də heç bir qurum, təşkilat bu ali məktəbi bitirənlərin diplomları rəsmən təsdiqlənmədiyi üçün onları işə götürmür.
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, qeyd edildiyi kimi, Bakı İslam Universitetinin 3500-ə yaxın məzununun bugünə qədər diplomları tanınmayıb: “Bakı İslam Universitetini bitirən 3500-ə yaxın məzun diplomlarının tanınmaması səbəbindən əziyyət çəkir. Bu insanlar dörd il təhsil alıblar və təhsil haqqı ödəyiblər, təhsillərini başa vurublar, amma bu gün məlum olur ki, onlar bu diplomla heç bir yerdə işləyə bilməzlər. Bununla bağlı Milli Məclisə də müraciət olunub. Mən də Milli Məclisin plenar iclasında bu məsələni qaldırmışam, eyni zamanda Təhsil Nazirliyinə rəsmi qaydada müraciət etmişəm. Lakin məsələ hələ də bugünə kimi öz həllini tapmayıb və qeyd etdiyimiz kimi, bundan da məzunlar ciddi şəkildə əziyyət çəkir. Hesab edirəm ki, bu məsələnin həlli üçün müəyyən addımlar atılmalıdır. Ola bilsin ki, bu diplomların hansındasa müəyyən neqativ hallar olsun, hansısa bir suallar yaradan məsələlər çıxsın. Hesab edirəm ki, onları da araşdırmaq olar. 3500 tələbənin bütövlükdə diplomunun tanınmaması və onların heç bir yerdə işə qəbul edilə bilməməsi həqiqətən də ciddi bir məsələdir. Bu, insanları müəyyən mənada dövlətdən də narazı salır. Hesab edirəm, mütləq bu məsələ həllini tapmalıdır, aidiyyəti qurumlar məsləhətləşərək və müəyyən fikir mübadiləsi apararaq bu məsələnin həllinə nail olmağa çalışmalıdırlar”.
C.Məmmədovun sözlərinə görə, uzun müddət bu məzunların işsiz qalması, dövlət qulluğuna qəbul edilə, magistratura və doktorantura pilləsində təhsilini davam etdirə bilməməsi onlara həqiqətən də müəyyən problemlər, narahatlıqlar yaradır: “Ona görə də hesab edirəm ki, problem tez bir zamanda öz həllini tapmalıdır”.