İnfoqrafika 26 Avqust 2022, 17:34 | Baxış sayı: 284
2021-ci ilin plenar iclaslarında lehinə səslərin sayı 99%-i keçib.

Meclis.info” platformasının apardığı monitorinq nəticəsində məlum olub ki, 2021-ci ildə keçirilən 38 plenar iclas zamanı bir qanun və ya qərarın ortalama qəbul müddəti 31 dəqiqə çəkib. Ümumilikdə iclaslar zamanı 33 qərar, 189 qanun qəbul edilib. Onlardan 154-ü mövcud qanunlara dəyişiklik, 16-sı yeni qanun layihəsi, 2-si “Konstitusiya qanunu”na dəyişiklik, 17-si isə qanunla təsdiq edilmiş Beynəlxalq müqavilələr və Konvensiyalar üzrə olub.

İl ərzində ən çox müzakirələrə səbəb olan mövzulardan biri “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik layihəsi olub. 89 millət vəkilinin iştirak etdiyi müzakirə cəmi 15 dəqiqə davam edib. Deputatların heç biri layihənin əleyhinə səs verməyib.
Ciddi müzakirələrə səbəb olan digər qanun layihəsi, qəbul müddəti 26 dəqiqə çəkən “Dövlət rüsumları haqqında”dır. Layihənin müzakirəsində 93 deputat iştirak edib və onların hamısı qanunun lehinə səs verib.
7 saat 33 dəqiqə ilə müzakirəsi ən çox davam edən layihə 2022-ci ilin dövlət büdcəsi ilə əlaqədar olub. Müzakirədə iştirak edən deputatlardan 100-ü lehinə səs verdiyi halda, cəmi biri bitərəf qalıb.

Ən çox əleyhinə səs verilən qanun layihəsi isə 13 səslə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliyin ikinci oxunuşu zamanı baş verib.

675 səsvermənin keçirildiyi 38 plenar iclasın hər birində ortalama 98 millət vəkili iştirak edib. Səsvermələr zamanı 65 096 lehinə, 323 əleyhinə, 153 bitərəf səs verilib. Yəni, lehinə səslər ümumi səslərin 99%-ni təşkil etdiyi halda, əleyhinə və bitərəf səslərin ümumi səsvermədə payı 1%-dən də az olub. Ümumi səsvermədə 248 dəfə iştirak edilməyib. 

 

Xəbərlər