İnfoqrafika 22 Sentyabr 2022, 17:10 | Baxış sayı: 258
2020-2021-ci illərdə parlamentdə keçirilən 81 plenar iclasda çıxış etməyən deputatlar

 

  1. Vasif Talıbov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü və YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olan Vasif Talıbov 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir.

“Meclis.info” nun apardığı statistik araşdırmalar zamanı belə məlum olub ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov 2005-ci ildən bəri Parlamentdə heç bir çıxış etməyib.   

Araşdırmaya görə, 62 yaşlı deputat 1995-ci ildən etibarən Milli Məclisin hər çağırışında seçicilərin səsini toplaya bilib. Öz dairəsində 38 093 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan deputat son seçkidə 94,6% səs toplayıb.

Vasif Talıbov “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

 

 

  1. Madər Musayev

10 saylı Binəqədi üçüncü seçki dairəsindən 6 dəfə ardıcıl, ümumilikdə 7 dəfə deputat seçilən Madər Musayev Milli Məclisin həm Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, həm də İntizam komissiyasının üzvüdür.

Parlamentin 2005-ci ildən bəri təqdim etdiyi stenoqramlarına əsasən, o, Milli Məclisdə heç vaxt danışmayıb. Həmin ildən əvvəl çıxış etməsi barədə isə heç bir informasiya yoxdur. 1990-cı ildən millət vəkili vəzifəsini yerinə yetirən 75 yaşlı bitərəf deputat, 2020-ci ildə keçirilən seçkilər zamanı 83 183 nəfər rəsmi qeydiyyatlı seçki dairəsindən 63,9% səs toplayıb. 

Madər Musayev "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

 

 

  1. Ülvi Quliyev

Milli Məclisin Səhiyyə və Gənclər və idman komitələrinin üzvü Ülvi Quliyev 2005-ci ildən bəri 15 saylı Yasamal birinci seçki dairəsinin deputatıdır. Eyni zamanda, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti vəzifəsini yerinə yetirən 56 yaşlı deputat 2020-2021-ci illərdə Parlamentdə keçirilən 81 iclasın heç birində çıxış etməyib. Ülvi Quliyev öz dairəsində 61646 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahibdir. O, sonuncu parlament seçkisində 40,6 % səs  toplayıb.

 

 

  1. Əliabbas Salahzadə

2 ildir 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Yeni Azərbaycan Partiyasına mənsub Əliabbas Salahzadə də 2020-2021-ci illərin plenar iclaslarında çıxış etməyənlər sırasındadır. Ancaq deputat 2021-ci  ilin bütün plenar iclaslarında 19 edilməmiş çıxış mətni təqdim edib. O, həm Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, həm də Regional məsələlər komitəsinin üzvüdür. Danışmayan deputatlar arasında ən gənc millət vəkili hesab olunan 43 yaşlı Əliabbas Salahzadə son seçkidə 71014 nəfər rəsmi qeydiyyatlı seçicisindən 57,4% səs toplayıb.

 

 

  1. Mixail Zabelin

34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Mixail Zabelin isə Parlamentdə sonuncu dəfə 2017-ci ildə çıxış edib. Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, Milli Məclisin Hesablayıcı komissiyasının katibi olan deputat, eyni zamanda, Rus İcmasının da sədridir. Bununla yanaşı, o, Milli Məclisin həm Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, həm də Mədəniyyət komitəsinin üzvüdür.1990-cı ildən millət vəkili kimi fəaliyyət göstərən 76 yaşlı deputat 2020-ci ildə keçirilən son seçkilər zamanı 35,2% səs toplayıb. Deputatın təmsil olunduğu dairədə 46380 nəfər rəsmi qeydiyyatlı seçici var.

Mixail Zabelin “Şöhrət” ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Həmçinin Rusiya Federasiyasının “Dostluq” ordeninə, Rus Pravoslav Kilsəsinin “Sergiy Radonejski” və “Serafim Sarovski” ordenlərinə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Moskva şəhəri Hökumətinin fəxri fərmanlarına layiq görülüb.

 

 

  1. Oqtay Əsədov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasına mənsub Oqtay Əsədov isə deputatlıq fəaliyyətinə 2000-ci ildə başlayıb. 2005-2020-ci illərdə Milli Məclisin sədri vəzifəsini yerinə yetirən 67 yaşlı deputat ötən iki ilin 81 plenar iclasında heç bir çıxış etməyib. Deputatı olduğu 45 saylı Abşeron seçki dairəsində 117 098 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan Oqtay Əsədov son seçkidə 67,7% səs toplayıb.

“Şərəf” ordeni ilə təltif edilən Oqtay Əsədov həm də Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına, Rusiya Federasiyasının “Dostluq” ordeninə layiq görülüb.

 

 

  1. Anatoliy Rafailov

2020-ci ildən etibarən 3 saylı Quba-Qusar seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Anatoliy Rafailov Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Heç bir partiya mənsubiyyəti olmayan 69 yaşlı deputat həm də “Sağlam ailə” MMC-nin səyyar tibbi xidməti üzrə müdiridir. 2020-ci ildə keçirilən son seçki zamanı 44,1 % səs toplayan Anatoliy Rafailov millət vəkili seçildikdən sonra hələ də Parlamentdə çıxış etməyib. 

 

 

  1. Sabir Hacıyev

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Milli Məclisin deputatı kimi 2005-ci ildən fəaliyyətə başlayıb. Milli Məclisdə Aqrar siyasət komitəsinin sədr müavini olan deputat həm də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Parlamentin ictimaiyyətə təqdim etdiyi stenoqramlardan belə məlum olur ki, 88 saylı Göyçay seçki dairəsinin 68 yaşlı deputatı Milli Məclisin iclaslarında son dəfə 2010-cu ildə çıxış edib. O, 2020-ci ildə keçirilən son seçkilər zamanı 51 427 nəfərin seçici kimi rəsmi qeydiyyatda olduğu öz dairəsindən 52,7% səs toplayıb.

 

 

  1. Ağalar Vəliyev

Yeni Azərbaycan Partiyasına mənsub, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev həm də “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının sədridir. Millət vəkili kimi fəaliyyətə 2010-cu ildən başlayan 65 yaşlı Ağalar Vəliyevin Parlamentdə son çıxışı isə 2019-cu ildə baş tutub. O, 2020-ci ildə keçirilən son seçkilər zamanı 45 232 nəfərin seçici kimi rəsmi qeydiyyatda olduğu 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən 68,1% səs toplayıb.  Ağalar Vəliyev “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

 

 

  1.  Ülviyyə Ağayeva

Heç bir partiya mənsubiyyəti olmayan, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Ülviyyə Ağayeva isə deputatlıq fəaliyyətinə 2015-ci ildə başlayıb. Milli Məclisin ictimaiyyətə təqdim etdiyi stenoqramlardan məlum olur ki, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 44 yaşlı deputatı Parlamentdə son dəfə 2016-cı ildə çıxış edib. Öz dairəsində 57 343 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan Ülviyyə Ağayeva son seçkidə 54,2% səs toplayıb.

 

 

  1.  İmamverdi İsmayılov

Respublika Mətbuat Fondunun sədri, Yeni Azərbaycan Partiyasının üzvü İmamverdi İsmayılov 1995-ci ildən bəri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin deputatı kimi fəaliyyət göstərir. Həm də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan 64 yaşlı deputat ötən iki il ərzində keçirilən 81 plenar iclasda heç bir çıxış etməyib. Öz dairəsində 54749 nəfər rəsmi qeydiyyatlı seçiciyə sahib olan deputat son seçkidə 40% səs toplayıb. “Qızıl qələm” mükafatı laureatı olan İmamverdi İsmayılov eyni zamanda “Şöhrət” ordeni ilə də təltif edilib.

Qeyd: Meclis.info araşdırmanı Milli Məclisin 2020-2021-ci illər üzrə təqdim etdiyi stenoqramlarına əsasən hazırlayıb.  

 

Xəbərlər