Siyasət 12 Aprel 2023, 15:12 | Baxış sayı: 174
"2018-ci il prezident seçkiləri Azərbaycanın inkişafının yeni mərhələsidir"

“Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyənləşdirilmiş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən zamanın və ölkəmizin inkişafının yeni tələblərinə və hədəflərinə uyğun yeni elementlərlə zənginləşdirilərək davam etdirilməkdədir. 2003-2018-ci illərdə Azərbaycan Respublikasında bütün istiqamətlərdə dinamik inkişaf müşahidə olundu. Xüsusilə də, Azərbaycan regionlarının siması tamam dəyişdi. İnfrastruktur quruculuğu bütün rayonları əhatə etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, ölkəmiz Prezident İlham Əliyevin strateji baxışları, siyasi iradəsi sayəsində dünya əhəmiyyətli layihələrin təşəbbüskarı və əsas iştirakçısı rolunda çıxış etdi: “Bu layihələr mühüm enerji və nəqliyyat layihələrindən ibarət idi. Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycanın mərkəzi iştirakçılığı reallaşdırılması sonrakı mərhələdə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ölkəmizin həlledici rolunu təyin etdi. Bütün bunlarla yanaşı, qarşıda həlli vacib məsələlərimiz qalmaqda idi. Başlıca olaraq, Ermənistanın işğalçılığına son qoyulması üçün ölkənin bütün istiqamətlərdə gücləndirilməsi və islahatların həyata keçirilməsinə ehtiyac duyulmaqda idi. Əsasən də daha çevik idarəetmənin formalaşdırılması qarşıdakı hədəflərə daha optimal çatılmanın ilkin şərtlərindən idi. Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz fəaliyyətlərində, atdıqları addımlarında hər zaman xalqa arxalanıblar. Taleyüklü məsələlərin həlli istiqamətində atılacaq növbəti mühüm addımlar xalqın Prezidentə yaxından dəstəyini tələb edirdi. Növbəti atılacaq olduqca həlledici addımlarda da xalqın dəstəyinin olacağının təsdiqi baxımından növbədənkənar prezident seçkiləri bir indikatorlar rolunu oynadı. 2018-ci il aprel ayının 11-də baş tutan növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı bir daha ölkə rəhbərinə olan yüksək inam və etimadı ifadə etdi.

Seçicilərin 86,02%-nin səsini qazanan cənab İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Keçirilən seçkilərdə əhalinin iştirakçılığı da kifayət qədər yüksək idi. Belə ki, səsvermə hüququna malik olan əhalinin 74,3%-i səsvermə prosesində fəal iştirak etmişdir. Bu isə, bir daha onun göstəricisi idi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi yekdilliklə dəstəkləyir. Yeni mərhələdə ölkə Prezidenti tərəfindən həyata keçirilən fəaliyyət və islahatlar ölkəmizin həm hərtərəfli potensialını gücləndirdi, həm də beynəlxalq müstəvidə mövqelərimizi əhəmiyyətli dərəcədə gücləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının dayandığını daha dəqiq nümayiş etdirdi. Bununla bərabər bütün beynəlxalq mötəbər tribunalardan keçmiş münaqişə vəziyyətində Azərbaycanın haqlı mövqeləri dünya ictimaiyyətinin diqqətinə ciddi arqumentləşdirərək çatdırıldı. Artıq bütün beynəlxalq təsirli siyasi dairələrdə qəbul edirdilər ki, münaqişənin tənzimlənməsinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Bu baxımdan da, qeyd edilirdi ki, 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsində tarixi qələbəmizin siyasi əsasları Prezident İlham Əliyev tərəfindən artıq bir neçə il öncədən yaradılmışdır. Ordunun dünyanın ən güclü orduları sırasına yüksəldilməsi, inkişaf etmiş hərbi-texniki əməkdaşlıq sisteminin qurulması, ölkəmizin səmimi dostlarının arealının əhəmiyyətli dərəcədə genişləndirilməsi və s. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi yorulmaz və səmərəli fəaliyyətinin nəticəsi idi. Bu gün Azərbaycan bütün dünya dövlətlərinin gözündə əməkdaşlıq üçün ən cəlbedici ölkələrdən biridir. Həyat fəaliyyətinin ən müxtəlif sahələrində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sıraları davamlı olaraq genişlənməkdədir. Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası və keyfiyyəti də ayrıca olaraq, Prezident İlham Əliyevin iradəsinin və onun yaratdığı hərtərəfli potensialın göstəricisidir. Bütün yol infrastrukturunun yenidən qurulması, iki hava limanın qısa zaman kəsiyində yüksək keyfiyyət standartlarına cavab verəcək səviyyədə inşa edilərək istifadəyə verilməsi, tarixi-mədəni abidələrimizin sistemli şəkildə bərpa olunması, həmin ərazilərin iqtisadi potensialından optimal istifadə edilməsi istiqamətində layihələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi və s. bir daha nümayiş etdirir ki, Prezident İlham Əliyev dövlətinin xalqının təhlükəsizliyinin, sosial-iqtisadi rifahının təmin olunması istiqamətin bütün bilik və bacarıqlarını, enerjisini sərf edir. Bu baxımdan da, 2018-ci il seçkilərindən ötən beş il ərzində Azərbaycan xalqı seçimində yanaılmadığına və müdrik qərar verdiyinə bir daha əmin oldu”.

Xəbərlər