Cəmiyyət 17 Avqust 2022, 14:37 | Baxış sayı: 52
"2014-ci ildə çəkilən videonun indi yayılması da maraqlı amildir".

“Yayılan videoları mən də görürəm. O videoların saytlara qoyulmasını və onların cəmiyyətdə nümayiş olunmasını isə heç də doğru hesab etmirəm. Buna bizim gənclərimiz, dövlətimizin aparıcı strukturunda çalışan, həm siyasi, həm də sosial sahələrdə xüsusi xidmətləri olan xanımlarımız da baxır. Buna gələcəkdə həmin qadınların, eləcə də universitetlərdə oxuyan və işləmək istəyən qızların ailələrində müəyyən problemlər yarada biləcək və təsir göstərə biləcək amil kimi baxıram.

Bunları deputat Cavanşir Paşazadə Pravda.az-a açıqlamasında deyib. O düşünür ki, bu həmçinin gender məsələlərimizə və qadınlarla kişilər arasındakı münasibətlərə də təsirini göstərə bilər. "Ona görə də buna qarşıyam. Ümumiyyətlə, dövlət təşkilatlarında, eləcə də digər sahələrdə bu kimi məsələlərin olması qeyri-qanuni və qəbuledilməzdir. Oxuyaraq, ali savad alaraq bu səviyyəyə gələnlər polkovnikdən, onun tabeliyində olan insanlardan hansı tərbiyəni götürəcəklər?!”

“2014-ci ildə çəkilən videonun indi yayılması da maraqlı amildir. Nəyə görə bu video uzun müddət gizlədilib və sonradan ortaya çıxıb? Bu videoların əvvəlini görməmişik və onların yalnız bir hissəsini görmüşük. Ona görə də bilmirik ki, bəlkə o adam iş səlahiyyətlərindən istifadə edərək oradakı qadınlara qarşı müəyyən təzyiqlər göstərib və məhz buna görə də onlar bu məsələyə razı olublar. Bu faktı yoxlamaq lazımdır. Bu məsələ həm dövlətçiliyimizə, həm də insanlığa ziyan vuran məsələdir. Xarici ölkələrdən də bizə baxırlar. Bu bizim milli mentalitetimizə yaraşmayan hərəkətdir, qınayıram. Saytlarımızda bu xəbərin geniş şəkildə tirajlanması da düzgün deyil. Bunu fərdi şəkildə aidiyyatı strukturlar, orqanlar araşdırmalıdır. Nəyə görə bu məsələ 2014-cü ildən bəri açılmayıb və yalnız indi bu məsələnin üstü açılıb? Bunun arxasında müəyyən məqsədlər ola bilər”, - deyə C.Paşazadə qeyd edib.

Xəbərlər