Cəmiyyət 1 Noyabr 2021, 18:09 | Baxış sayı: 252
"11 yaşlı qızımızın faciəsi bir ümummili faciədir".

"11 yaşlı qızımızın faciəsi bir ümummili faciədir. Bəli, məhz faciə. Hər şeyin bu və ya digər səviyyədə uçotu var".

Bu fikirləri Fazil Mustafa Modern.az-a bildirib.

"Sanki bu uşaqların uçotunu itirmişik. Şossedə avtomobilimizin şüşəsini döyüb pul dilənən o qızlar, oğlanlar da 9-13 yaş arasındadırlar, rayonlarda evlərin küncündə gizlədilən, bir çox hallarda valideynlərinin, atalıq və analıqların, qohumların vəhşəti ilə qarşılaşanlar da bu yaşlardadır.

Özümüzü aldatmayaq, məktəblə, icra qurumlrında olan müvafiq komissiyalarla əlaqə və əməkdaşlıq da formal mahiyyət daşıyır. İndi tələb olunur ki, azyaşlı qızlara və oğlanlara təcavüz edən pedofillərə ömürlük həbs cəzası verək. Razıyam, cəza maksimum səviyyədə sərtləşdirilməlidir. Bəs bunu gizlədən cəmiyyətlə nə edək?

Bu kimi cinayətlər yüzlərlədir, sadəcə gizlədilir. Bunu gizlədənlərin və hətta buna şərait yaradanarın içində ana var, bacı var, qohumlar, yaxınlar var.

Gizlətməyin iki səbəbi var: Birincisi, çevrənin qınağı, məsxərəsi, tənəsi, ikincisi isə ədalət müəssisəsinə güvənsizlik. O halda bu iki mühüm amili düzəltmək necə olacaq?

Çığırıram, bağırıram, ölkədə təhsildən kənarda heç bir uşaq qalmamalıdır, xüsusilə də qız uşaqları. Azad edin vergidən qızlar üçün kolleclər yaradan sahibkarları, qoy yurdlar yaratsınlar, himayəsiz uşaqların barınması və ciddi dövlət nəzarəti altında onların təhsil alması təmin edilsin. Birinə, beşinə ən yüksək cəza verin, istəyirsiniz lap axtalayın, bu sadəcə bir təsəllidir, heç bir ibrət tərəfi olmayacaq.

Əslində 11 yaşlı uşaq bir cinsi terrorun qurbanıdır, artıq gələcəyi, gəncliyi, arzuları məhv edilib. Hələ biz bilinənə bu cür acıyırıq, bilinməyən yüzlərlə qurbanın ahını eşitmirik. Bu məsələ geniş müzakirə olunmalıdır: parlamentin komitələrindən tutmuş, müvafiq dövlət komitəsində, məktəblərdə, məhəllələrdə, evlərdə. Hamı təhlükənin onun ocağına çatmasını gözləməməlidir. Ölkədə bir nəfər də olsun sahibsiz, diqqətdənkənar uşaq qalmamalıdır.

Avropada uşağının üstünə çığıran valideynin əlindən dövlət uşağını altı ay, bir il alıb onu cəzalandırır ki, bir də uşağa qarşı şiddət, zorakılıq etməsin. Bu qədər reklam üçün formal qurumlar nəyimizə lazım.

Əgər 11 yaşlı uşağı terrordan qoruyacaq mexanizm yoxdursa, inkişaf etmiş cəmiyyətdən danışmamız da içiboş sözlərdən başqa bir şey olmayacaq.

Xəbərlər