Cəmiyyət 5 Yanvar 2023, 11:51 | Baxış sayı: 346
""-Ov", "-yev" soyad sonluqları ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilməsi məqsədəuyğun olar"

“Mən də düşünürəm ki, “-ov”, “-yev” sonluğu ilə bitən soyadlardan imtina etməyin artıq çoxdan zamanı gəlib. Bu, Sovet dövründən qalmış soyad sonluqlarıdır. Əslində, 30 ilə yaxındır ki, müstəqilliyimizi bərpa etmişik və 30 il ərzində bu məsələni həll etməli idik. Təəssüf ki, bu günə kimi həllini tapmayıb”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Sabir Rüstəmxanlının yeni doğulan uşaqlara “-ov, “-yev” soyad sonluqlarının verilməsi barədə narazılığına münasibət bildirərkən deyib.

 

C.Məmmədov qeyd edib ki, soyad sonluqlarının dəyişməsi üçün bir neçə istiqamətdə iş aparılmalıdır: “Birincisi, vətəndaşlar özləri buna təşəbbüs göstərməli, soyadların sonundakı “-ov”, “-yev” şəkilçilərindən imtina etməlidirlər. İkincisi, bununla bağlı dövlət səviyyəsində qərar qəbul edilməsi məqsədəuyğun olar. Əlbəttə, burada müəyyən siyasi məsələlər, elementlər nəzərə çarpa bilər. Burada müxtəlif kompleks məsələlər də var. Bir adam soyad sonluğunu dəyişirsə, onun bütün sənədləri dəyişməlidir. Bu, kifayət qədər vaxt tələb edən məsələdir. Amma hesab edirəm, bu, Azərbaycan xalqının haqqıdır. Biz artıq müstəqil dövlətik və vətəndaşlarımızın artıq “-ov”, “-yev” sonluqlarından imtina etməsinin zamanı gəlib. Bununla bağlı vahid bir mexanizm sistemi də fikirləşməliyik ki, soyadların sonu necə bitməlidir. “Zadə” ilə bitən soyadlar da var. Ona görə də dövlət tərəfindən konkret, qəti forması müəyyənləşdirilməlidir. Bunun əsasında qərar qəbul edərək məsələnin həllinə nail ola bilərik. Əslində, hər məsələni dövlət öz üzərinə götürəsi deyil. Vətəndaşlarımız fəal mövqelərini ortaya qoymalıdırlar”.

Xəbərlər