Siyasət 6 Mart 2023, 13:09 | Baxış sayı: 118
"Zəngəzur dəhlizinin hər iki başında da nəzarət-buraxılış məntəqlələri açılmalıdır"

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir fikir irəli sürürsə, o, qısa zaman ərzində reallıqda öz təsdiqini tapır”.

Bunu Bakıvaxtı.az-a deputat Elman Nəsirov Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın dövlət katibi Blinkenlə görüşdə bildirib ki, Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir və Laçın yolunda nəzarət-buraxılış məntəqəsi açılmalıdır:

“Eyni zamanda, o qeyd etdi ki, Zəngəzur dəhlizinin hər iki başında da nəzarət-buraxılış məntəqlələri açılmalıdır. Cənab prezident bu fikri beynəlxalq ictimaiyyətə çatdırdı. Blinken fövqəldövlətin dövlət katibidir. Nəzərə alsaq ki, prezidentimiz nə vaxt bir fikir irəli sürsə, reallıqda o öz təsdiqini tapır”.

Elman Nəsirov qeyd edib ki, İlham Əliyev reallaşması mümkün olmayan məsələləri heç vaxt səsləndirmir:

“Dəfələrlə belə olub. Cənab prezident deyirdi ki, Vardanyanla heç vaxt danışıqlardan söhbət gedə bilməz. çünki Vardanyan Rusiya vətəndaşıdır, cinayətkar oliqarxdır və çirkli pulların yuyulması ilə məşğuldur”.

Deputatın sözlərinə görə, indi də cənab prezident bu məsələni gündəmə gətirib:

“Sergey Lavrov Bakıda rəsmi səfərdə olarkən qeyd elədi ki, 10 Noyabr Bəyannaməsində nəzarət buraxılış məntəqəsinın açılması ilə bağlı bənd yoxdur. Amma onsuz da sözügedən sənəddəki bəndlərin bir çoxuna onsuz da əməl olunmur. Bəndin olması o anlama gəlmir ki, reallıqda o, öz əskini tapacaq. Məsələn, Bəyannəmənin 4-cü bəndində qeyd edilmişdi ki, rus sülhməramlılarının bölgəyə gəlişi ilə seperatçılar ordan çıxarılmalı idi. Lakin bu, olmadı. Hesab edirəm ki, bugünkü reallıqda guya hüquqi baza yoxdur, amma cənab prezident bu ideyanı səsləndirdi ki, nəzarət buraxılış məntəqəsi açılacaq”.

Nəsirov qeyd edib ki, artıq bu ideyanın real həyata təsdiqi ilə bağlı iş başladılıb: “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Qətərdə səfəri zamanı bildirdi ki, nəzarət-buraxılış məntəqəsi açılmalıdır”.

“Azərbaycan artıq prinsipial mövqedədir” deyən Elman Nəsirov qeyd edib ki, nəzarət-buraxılış məntəqəsinin açılması sərhədlərin delimitasiya və demarkasiyasının reallaşmasına da xidmət göstərəcək.

Xəbərlər