Siyasət 16 Aprel 2024, 13:22 | Baxış sayı: 27
"Milli Şura və AXCP-nin arzuları heç vaxt real həyatda gerçəkləşə bilməz"

“Bu gün dünyada çox ciddi xaotik proseslər yaşanmaqdadır. Dünyanın əksər ölkəsində siyasi-hərbi toqquşmalar, kataklizmlər müşahidə olunur. Beynəlxalq hüquq, demək olar ki, işləmir. Bu gün sabit bir bölgə, sabit ölkə axtarıb tapmaq müşkül məsələyə çevrilib. Bu reallıq fonunda Azərbaycanın həm Şimal, həm də Cənub qonşuluğunda çox ciddi hərbi-siyasi proseslər gedir. Şimal qonşumuz Ukrayna ilə şiddətli müharibə vəziyyətindədir və müharibə getdikcə daha da kəskinləşir, daha böyük fəlakətlər müşahidə olunur. Ölkənin cənubunda İrandır, İran isə İsraillə müharibə vəziyyətindədir. Bu müharibənin nə qədər davam edəcəyini, hansı fəlakətlərə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Düzdür, hələlik strateji pauzadır. “Bu pauza nə qədər çəkəcək?”, “İsrailin cavab zərbələri nə vaxt olacaq? kimi suallar hazırda ən çox düşündürən suallardır. Bu reallıqlar fonunda Azərbaycan sabit dövlətdir. Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür, səfərbər olunmuş cəmiyyət var. Ancaq anti-Azərbaycan dairələr bu reallıqla barışmaq istəmirlər. Bu reallıq xaricdəki anti-Azərbaycan dairələrin yuxusuna haram qatır. Onlar çalışırlar ki, Azərbaycanı da toqquşma ocağına çevirsinlər. İçimizdəki sapı özümüzdən olan baltalardan – milli dönüklərdən də məmnuniyyətlə istifadə edirlər. Eyni məntiqlə söyləmək olar ki, uzun müddətdir, fəaliyyətsiz dayanan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura indi oyanıb öz xaricdəki “sahiblərinin”, “yiyələrinin” sifarişi əsasında Azərbaycanda gərginlik yaratmaq istəyir...” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

Deputat bildirib ki, AXCP və Milli Şuranın aprelin 21-nə təyin etdikləri mitinqlə bağlı seçilən ərazilər şəhərin mərkəzidir: “O yerlər ki, orada insanlar kompakt halında, sıx cəmlənirlər. Belə bir mitinqin keçirilməsi ilk növbədə insanların təhlükəsizliyi və asayişin qorunmasında ciddi problemlər yarada bilir. Eyni zamanda insanların istirahət hüququnun pozulması anlamına gəlir. Çalışırlar ki, ətrafdakı gərginlik ocaqlarını ölkəmizə də transfer etsinlər, burada da hərc-mərclik yaratsınlar. Necə ki özləri 1992-1993-cü illərdə xaos dövründə yaşadılar, xaosun müəllifləri oldular. İndi həmin dövrü yenidən qaytarmaq istəyirlər. Xülyalarla, illuziyalarla yaşayırlar. Çalışırlar ki, elə məsələləri qaldırsınlar, həm də rezonansı olsun. “Siyasi məhbusların” azadlığa buraxılması şüarı ilə çıxış edirlər. Azərbaycanda “siyasi məhbus” yoxdur, ola da bilməz! Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş, saxlanılmış şəxslər var. Buna görə də Azərbaycan üçün “siyasi məhbus” ifadəsi qəbuledilməzdir. Ünvanı səhv salıblar. Bu, siyasi manipulyasiyadır. Ölkəmizə qarşı təzyiq elementlərindən biri kimi qiymətələndirilə bilər. Sərhədlərin açılmasından danışırlar. Sərhədlərin bağlı olması ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır. İndi həm Şimal, həm də Cənub qonşumuzda yaşanan proseslər göstərir ki, Azərbaycanın quru sərhədləri bağlı saxlaması olduqca doğru qərardır. Heç bir dövlət istəməz ki, sərhədəri bağlı qalsın. Çünki bağlı sərhədlər müəyyən iqtisadi, sosial problemlər yaradır. Amma Azərbaycan üçün əsas məsələ öz vətəndaşının təhlükəsizliyidir. İstəyirlər ki, bu faktın mahiyyətini dəyişib özlərini “göyərçin” kimi cəmiyyətə sırısınlar. Xalq onları yaxşı tanıyır, kimliyini çox gözəl bilir. Vətən müharibəsindəki davranışlarını xalqımız yaddan çıxarmayıb. O zaman da Azərbaycan əleyhinə mübarizə aparan beynəlxalq siyasi dairələrə ünvanlanan müraciətlərdə  onlar iştirak etmədilər, kənarda qaldılar. Çünki “Azərbaycan xalqı üçün nə pisdirsə, onlar üçün yaxşıdır və nə yaxşıdırsa, onlar üçün pisdir” fəlsəfəsi işləyir. Xalqımız da bütün bunları görür, bu səbəbdən də onlara etimadı yoxdur. Xalqımız bu qruplaşmaları çoxdan boykot edib. Onlar siyasi yalquzaq həyatı yaşayırlar. Çalışırlar ki, bulanıq suda balıq tutsunlar, regionumuzdakı gərginlikdən istifadə edib Azərbaycan daxilində çaxnaşma yaratsınlar. Bu illuziyadır, reallaşma əmsalı isə sıfıra bərabərdir. Azərbaycan güclü dövlətdir, onun güclü Lideri, “Dəmir Yumruq”  kimi birləşmiş xalqı var. Xalq öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Bu reallıqlar fonunda Milli Şura və AXCP-nin arzuları heç vaxt real həyatda gerçəkləşə bilməz". 

pravda.az

Xəbərlər