Plenar iclaslar 15 Mart 2024, 15:19 | Baxış sayı: 230
"Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini Azərbaycan çəksin"

Azərbaycan Ermənistana müraciət edərək, Qərbi Zəngəzurda quru və dəmir yollarını çəkməyə hazır olduğunu bildirməli, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə Azərbaycanın büdcəsinə ödəniləcək.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra bildirib.

O qeyd edib ki, bu, diplomatik münasibətləri olmayan iki ölkə arasında ilk körpü olar: "Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Halbuki, Azərbaycan Şərqi Zəngəzurda yolların tikintisini başa çatdırır", - deyə o qeyd edib.

Z. Oruc vurğulayıb ki, Azərbaycan bərpaolunan enerjiyə keçiddə yüksək siyasi iradə göstərir.: “Ona görə də Prezident bəyan edir ki, dünyada əksər neft şirkətləri təyinatlarını dəyişib çoxprofilli enerji şirkətləri olur. Hökumət ötən il "Yaşıl Azərbaycan" siyasətini bir mərkəzdən idarə etmək üçün SOCAR-ı genişləndirib onu "Yaşıl Enerji Şirkəti"nə çevirə bilər. O zaman peşəkar mütəxəssis hazırlığı və iqtisadiyyatda 276 ildir hökmranlıq edən neftin hakimiyyəti zəifləyər", - deyə deputat əlavə edib.

report.az

Xəbərlər