Plenar iclaslar 15 Mart 2024, 14:55 | Baxış sayı: 53
"Sərhədlər bağlı olduğu üçün gəlirlər azalıb"

Hökumətin Böyük Qayıdış siyasəti işğaldan əvvəl Qarabağda olan 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur. Yaponlar və almanlar da oxşar yolla gediblər. Lakin təkcə büdcə vəsaitlərilə Qarabağı tikmək qeyri-mümkündür. 2023-cü ilin 1 yanvarından 10 il müddətinə texnika və qurğular, xammal və materialların idxalı ƏDV-dən azad olunub. Bu, müsbət addımdır. Eyni zamanda, emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarışılığında onların xərclərini qarşılaya bilər və  dövlətin yükü paylaşılar”.

Bunu deputat Zahid Oruc parlamentdə hökumətin hesabatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il iqtisadi artımın 1%-dən kiçik olması, adambaşına düşən gəlirlərin də azaldığını göstərir. “Bunun başlıca səbəbinin sərhədlərin bağlı olması, əhalinin sərbəst hərəkət və ticarətindəki məhdudluqdur. Dövlətin qərarı başadüşüləndir, lakin Rusiya ilə ticarət dövriyyəsinin tarixdə ilk dəfə rekord həddə - 7.3 milyard manata çatmasını nəzərə alaraq, qonşu ölkə ilə sərhədlərin açılması əhalinin iqtisadi aktivliyi və gəlirlərini bərpa edə bilər”, - o qeyd edib.

Deputat əlavə edib ki, Türk Dövlətləri Birliyi ötən il beynəlxalq mövqelərini gücləndirdi: “Lakin İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar. Hökumət Amerika və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər. Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun. 

Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyk ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da ölkəmiz çəkməyə hazırdır, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rüsum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu ilk körpü olar”.

demokrat.az

Xəbərlər